24 Fevral 2016 20:34
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Ana Dili ərəfəsində elmi konfrans keçirilib

Bu gün Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə elmi konfrans keçirilib.

İnstitutun direktor əvəzi, professor Möhsün Nağısoylu bildirdi ki, 1999-cu ildən fevralın 21-i bütün dünyada beynəlxalq ana dili günü kimi qeyd olunur. Hər bir xalqın varlığında, mədəniyyətində, tarixində və taleyində dilin əlamətdar bir hadisə olduğunu vurğulayan alim qeyd etdi ki, Azərbaycan türkcəsi dünyanın ən qədim, ən zəngin dillərindən biri hesab olunur.

Vətən, dil, millət...

Ədəbiyyatımızın ən böyük nümayəndələrindən olan Cəlil Məmmədquluzadənin 1917-ci ildə yazdığı “Azərbaycan” məqaləsindəki “Ah unudulmuş vətən, ah yazıq vətən, dünyalar titrədi, ölkələr mayallaq aşdı, bəs sən hardasan, ay biçarə vətən. Vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət...” ifadələrini sitat gətirən Möhsün Nağısoylu vətən, dil, millət anlayışlarının vəhdətinə diqqət çəkdi.

Professor ümummilli lider Heydər Əliyev dil haqqında lakonik və məzmunlu bir fikrini nəzərə çatdırdı “Heydər Əliyevin bir sözü vardı: “Xalqı xalq, millət edən onun ana dilidir”. Xalq yazıçısı Anarın dili ilə desək, bizim Şeksprimiz, Dostoyevskimiz yoxdur, amma “Kitabi-Dədə-Qorqud”umuz var. Bu cür qədim abidəsi olan xalq doğrudan da öyünə bilər. Məlumdur ki, müsəlman xalqları arasında 3 böyük dil geniş yayılıb: ərəb, fars, türk. Farslar deyir ki, ərəb dili əsl dildir, fars dili şəkərdir, türk dili hünərdir. Yəni fars dili poeziya dili olduğu üçün incə dildir, şəkəridr, amma türk dili əruz vəzninin tələblərinə uyğun gəlmədiyindən bu dildə əruz yazmaq, hünər tələb edir”.

Möhsün Nağısoylunun sözlərinə görə, hazırda dövlət statusu almış Azərbaycan türkcəsi elmin, texnikanın və digər sahələrin istənilən anlayışını ifadə etməyə qadirdir.

Etimoloji lüğətimiz hələ də yoxdur

“Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ından irəli gələn vəzifələrdən dansan icraçı direktor bu sənədlə əlaqədar görülmüş işlərdən də söz açdı: “Ötən il institutda 4 yeni şöbə yaradılıb: monitorinq, kompüter dilçiliyi, qədim dillər və mədəniyyətlər, sosial linqivistika və dil əlaqələri. Qarşımızda duran vəzifələrdən biri də dilimizin qrammatikası ilə bağlıdır.
Yüksək elmi səviyyədə hazırlanmış dilimizin qrammatikası 1980-ci ildə nəşr olunub. Ona görə düşünürəm ki, dilimizin qrammatikası yenilənməlidir. Təəssüf ki, dilimizin etimoloji lüğəti də hələ yoxdur. Son 20-30 ildə Azərbaycan dilinə çoxlu yeni sözlər daxil edilib, onların lüğəti hazırlanmaqdadır. İran İslam Respublikasında belə bir təcrübə var. Bu ölkənin dil qurumu hər il fars dilinə daxil olan yeni sözlərin kitabçasını hazırlayır və xalqın müzakirəsinə çıxarır. Xalq özü seçir, yeni sözün hansını qəbul etsin, hansını yox. Bunu bizim ölkəmizdə də tətbiq etmək olar. Təbii ki, dilin qoruyucusu xalqdır, amma dilimizin zənginləşməsi ziyalılarımızdan asılıdır”.

Müstəqilliyi olmayan xalqın dili həmişə bərbaddır

Millət vəkili Nizami Cəfərov Azərbaycan türkcəsi uğrunda ta qədimdən aparılan mücadilələrdən, müstəqillik dövründə dilimizin saflığı üçün görülən işlərdən, qəbul edilən rəsmi sənədlərdən danışdı.

“Müstəqilliyi olmayan xalqın dili həmişə bərbaddır” deyən natiq dilimizin adının nə şəkildə səslənməsi tarixindən, mərhum Heydər Əliyevin bu sahədəki xidmətlərindən söz açdı: “Millətin təfəkküründə “Azərbaycan dili” modeli yaranmışdı deyə, referendum əsasında, ölkənin multukultural təbiəti və rəsmi siyasəti də nəzərə alınmaqla dövlət dili Azərbaycan dili olaraq qəbul olundu”.

Deputatın fikrincə, türk dillərinin qrammatikası elədir ki, buna ən müxtəlif formalarda müdaxilə etmək o qədər də asan deyil, amma dilimizin lüğət tərkibində ciddi problemlər olub və bu gün də var.

Dilimizi elmi, bədii üslub yox, mətbuat zənginləşdirir

Nizami Cəfərov vurğuladı ki, hazırda ana dilimizin zənginləşməsində ən işlək mexanizm mətbuatdır: “Bu gün istər elmi üslubumuz, istərsə də tarixən bu cəhətdən çox böyük missiya daşıyan bədii üslubumuz dilimizə heç nə vermir. Mirzə Fətəli Axundovdan, Cəlil Məmmədquluzadədən, Səməd Vurğundan gətirdiyimiz misalları, bu gün müasir yazıçılarımızdan gətirə bilmirik, çünki o qədər də böyük inkişaf yoxdu. Yeni sözlərin ən çox gəldiyi sahə mətbuatdır, kütləvi informasiya vasitələridir, amma ən çox dil pozuntusu da mətbuatda, televiziyadadır.
Əlbəttə, harda inkişaf var, orda problemlər də olur. Həm də kütləvi informasiya vasitələri ümumi ictimai şüuru əks elətdirir, ana dilinin bütün enerjisi bu sahəyə gəlir. Savadı olan da, olmayan da yazır, danışır. Dil üçün də savadlılıq, savadsızlıq anlayışı yoxdur, çünki bütün insan dili mənalıdı. Ona görə də hesab edirəm ki, dilimizi zənginləşdirən bu sahədə daha çox iş görülməlidir”.

Dil millətin ruhudur

Professor Buludxan Xəlilov dedi ki, tarixin hansı mərhələsinə baxsaq, millətin taleyinin dildən, dilin taleyinin də millətdən keçdiyinin şahidi olarıq. “Dil millətin ruhudur” deyən alimin fikrincə, bu ruh daşıyıcısını millətimiz vətən komponenti, bir namus göstəricisi kimi qoruyub, yaşadır: “Dilimiz müqavimətlidir. Dilimizin saflığı uğrunda millətimizin tərəqqipərvər ziyalılarının başı çox bəlalar çəkib. Məhz onların mübarizəsi hesabına dilimiz bu gün yaşayır”.

Buludxan Xəlilov “Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda qoyulan mühüm bir məsələni də vurğuladı. Dedi ki, sənəddə ölü dillərin öyrənilməsi üçün mütəxəssislərin yetişdirilməsi vacibliyi qeyd edilib: “Arxivlər açılır. Tarixin yenidən yazılmasına, o cümlədən ölü dillərin tədqiq olunmasına çox böyük ehtiyac var. Hesab edirəm ki, dilçilikdə bir Koordinasiya Şurası yaradılmalı və bu qurum dilçilik elminin inkişafının perspektivlərini müəyyən etməlidir. Yəni dilçilikdə hansı sahə necə inkişaf etsin – bu qurum göstərməlidir.

Doktoranturaya gələn təqdiqatçıya təklif olunmalıdır, dil tarixi ilə bağlı mövzu seçirsə, filan məsələni işləsin. Hazırda vəziyyət elədir ki, dil və ədəbiyyat sahəsindəki tədqiqatlar daha çox müasir dövrü əhatə edir. Bu isə dilçilik elminin inkişafında mühüm iş görmür”.

İnstitutun əməkdaşları Baba Məhərrəmli “Dilimizin qayğıları”, İsmayıl Məmmədli “Ana dili güvənc yerimizdir”, Sevil Mehdiyeva “Azərbaycan ədəbi dilinin qayğıları”, Şahlar Məmmədov “Müasir Azərbaycan dilində baş verən proseslər”, Cahid Kazımov “Ana dilinin təbliğində müasir informasiya texnologiyalarının rolu” mövzularında geniş məruzə ilə çıxış etdilər.

Sevil HİLALQIZI


Müəllif: