1 Mart 2016 17:07
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 1-də Azərbaycan Texniki Universiteti (AzTU) ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Universitetdən Teleqraf.com-a verilən məlumata görə, tərəflər peşə, ixtisas və bilik səviyyəsinin daima artırılmasının zəruriliyini vurğulamış və ölkə Prezidentinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanaraq peşə və ixtisaslar üzrə optimal təhsil sisteminin mərhələli tənzimlənməsi, bu məsələlər üzrə memorandum münasibətlərinin yaradılması barədə razılığa gəliblər.

Memorandumda qeyd edilir ki, yüksək hərbi elmi potensiala malik zabit kadrların hazırlanmasını təmin etmək, gələcək hərbi mütəxəssislərin biliklərinin artırılmasına istiqamətləndirilmiş və təhsil üzrə proqramlar sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlıq həyata keçiriləcək.

Memorandumda həmçinin müasir tələblərə cavab verən yüksəkixtisaslı elmi, elmi-pedoqoji bilik və təcrübəyə malik hərbi mütəxəssislərin hazırlanması, qabaqcıl elmi üsul və texnologiyaların inkişafı sahəsində yeni elmi materialların öyrənilməsi, informasiya və təcrübə mübadiləsi keçirilməsi, hərbi mütəxəssislərin elmi və təhsil proqramına uyğun təcrübəyə yiyələnməsi, birgə beynəlxalq və regional elmi konfransların təşkili, nəzəri və praktiki elmi-tədqiqat işlərinin qrant şəklində aparılmasının zəruriliyi nəzərə çatdırılıb.

Memorandumu Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev imzalayıb.

Qonaqlar AzTU-nun ixtisas kafedra və laboratoriyalarında, Universitetin Heydər Əliyev Mərkəzində olmuş, professor və müəllimlərlə, eləcə də tələbələrlə söhbət etmiş, gələcəkdə birgə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.


Müəllif:

Oxşar xəbərlər