Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq 27 mart 2016-cı il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin uçuş cədvəlinə düzəliş olunacaq.
Bu barədə Teleqraf.com-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib. Belə ki, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.
Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.
"Azərbaycan Hava Yolları" QSC-nin bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.
Naibə QURBANOVA