Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Bakı-Supsa magistral neft boru kəmərindən oğurluğa cəhd göstərmiş iki nəfəri saxlayıb. İstintaq sirri olduğu üçün onların adları və milliyyəti barədə ictimaiyyətə məlumat verilmir.
Teleqraf.com-un məlumatına görə, istintaqla müəyyən olunub ki, onlar Kareli rayonunun Ruisi kəndində xüsusi texniki qurğu vasitəsilə yerin altından bir kilometr uzunluğunda boru kəməri çəkərək, həmin xətti Bakı-Supsa neft boru kəmərinə birləşdirmək istəyiblər.
Bunun üçün magistral boru kəmərinə xüsusi açar qaynaq ediblər və Bakı-Supsa kəmərinə müəyyən qədər ziyan vurublar. Onların məqsədi Bakı-Supsa neft boru kəmərindən oğurladıqları nefti başqa məqsədlər üçün istifadə etmək olub. Cinayətkar dəstənin digər üzvləri axtarılır.
Qeyd edək ki, bir neçə gün əvvəl də Bakı-Supsa neft boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsində oğurluğa cəhd göstərilmişdi. Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Bakı-Supsa magistralının bu ölkənin şərqində, Msxeta-Mtianeti regionunda Tsilkani və Muxrani kəndlərinin ərazisindən keçən hissəsində neft oğurlamaq üçün nəzərdə tutulmuş oyuq aşkar etmişdilər.
Polisin məlumatına görə, oyuq Bakı-Supsa əsas magistral kəmərindən əlavə boru ilə neft götürmək üçün qazılıb. Həmin ərazidə aşkar edilmiş generator, qaynaq aparatı, boru və digər avadanlıq maddi sübut kimi götürülüb (Azərtac).