Mətbuat Şurası “Xalq qəzeti”nin keçmiş əməkdaşı Ələsğər Müzəffər oğlu Cabbarovun ölümü ilə bağlı nekroloq yayıb.
Teleqraf.com-un məlumatına görə, journalist 83 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Ələsgər Cabbarov ötən əsrin 50-ci illərində sabiq SSRİ-nin dünyada tanınan ali məktəblərindən sayılan Sənaye İnstitutunu neft mühəndis ixtisası üzrə bitirib.
Azərbaycan Milli Elmlər Akademiyasının 1961-ci yaradılan “Elm və həyat” jurnalının redaksiyası formalaşdırılarkən elmi-texniki biliyini mətbu yaradıcılıq təcrübəsi ilə qovuşdurmuş ziyalılar çevrəsindən Ələsgər Cabbarov da seçilib işə qəbul olunub, burada şöbə müdiri kimi fəaliyyət göstərib. Bir neçə il sonra isə Milli Ensiklopediyaya redaksiya müdiri təyin edilib.
Ələsgər Cabbarov “Xalq qəzeti”nə 1992-ci ildə gəlib. Əvvəl kommersiya direktoru, sonra isə bölgə müxbiri kimi qəzetin yeni yolda uğurla irəliləməsinə köməyini göstərib. Ömrünün ahıl çağında könüllü olaraq nəşrdən uzaqlaşsa da, kollektivlə ömrünün son günlərinədək sıx əlaqədə olub.
Naibə QURBANOVA