9 Aprel 2016 21:28
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin birgə reallaşdırdığı “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoklub” üzvlərinin I Ekoloji Forumu keçirilib.

Teleqraf.com xəbər verir ki, “Yaşıl şəbəkə” devizi altında “Ekoklub” üzvlərinin I Ekoloji Forumunun keçirilməsində əsas məqsəd gənclərin ekoloji hərəkatının genişləndirilməsi, “Ekoklub”lar şəbəkəsinin yaradılması, ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasından ibarətdir.

Forumdan öncə təhsil naziri Mikayıl Cabbarov “Muğam Klub”da Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin nəzdində fəaliyyət göstərən “Ekoklub” liderləri ilə görüşüb.

Təhsil naziri məktəblilərlə görüşdə müasir dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərdən, onları yaradan səbəblərdən və həlli istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Nazir ekoloji təhsil, bu istiqamətdə icra olunan layihələr barədə fikirlərini bildirib, daha böyük nailiyyətlərin əldə olunması üçün məktəblilərə tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıb.

Sonra T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə forumun açılış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya üzrə beynəlxalq və yerli ekspertlər, 250-dən çox “Ekoklub” üzvü iştirak edib.

Əvvəlcə vətənin ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov forumda çıxış edərək bildirib ki, ölkədə aparılan təhsil islahatları çərçivəsində ekoloji təhsilin inkişafı və ekoloji dünyagörüşün formalaşması üçün geniş perspektivlər yaranıb: “Ekoloji təhsilin daha geniş tətbiq edilməyə başlanılıb. Ekoloji tədris proqramı Bakı şəhəri üzrə pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvlərini əhatə edir. Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 2015-ci ilin sentyabrından etibarən orta məktəblərdə “Ekoklub”ların yaradılması prosesinə başlayıb. Hazırda Bakı şəhərindəki 28 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən “Ekoklub”ların 990 nəfər üzvü var”.

Forumda “Yaşıl iqtisadiyyat”, “Yaşıl dialoq”, “Yaşıl turizm”, “Yaşıl elm”, “Yaşıl yaradıcılıq”, “Yaşıl cəmiyyət”, “Yaşıl texnologiya”, “Yaşıl innovasiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər” bölmələrində qruplarla müzakirələr təşkil olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif: