11 Aprel 2016 16:34
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində Tapıntılar və Arayışlar Bürosu Daxili işlər nazirin müvafiq əmri ilə 2006-cı ildə Bakı şəhər Baş Polis İdarəsinə (BPİ) bilavasitə tabe olan struktur hissə kimi yaradılıb. Fəaliyyətini Azərbaycan qanunvericiliyi, DİN və BPİ-nin hüquqi normativ aktlarına əsasən həyata keçirir.

-Evimizin kupçası itib, axtarışa vermək istəyirik.

- Qeydiyyat vəsiqəsi kimin adınadır?

-Anamın.

-Ananız hardadı?

-Rəhmətə gedib.

- Ananızın ölüm kağızını və şəxsiyyət vəsiqənizi təqdim edin.

Bakı şəhərində Tapıntılar və Buraxılış Bürosuna müraciət edən vətəndaşla büro əməkdaşı arasında bu dialoqla biz qurumda olarkən rastlaşdıq.

500-ə yaxın itirilmiş əşya

On ildir fəaliyyət göstərsə də, büronu tanıyanlar elə də çox deyil. Adi günlərdə saat 10.00-dan 19.00-dək, şənbə günləri isə saat 10.00-dan 18.00-dək fəaliyyət göstərən büroda iki polis əməkdaşı çalışır.

Tapıntılar Bürosu yaranandan burada işləyən polis baş serjantı Sakit Hüseynov deyir ki, vətəndaşlar onlara hər hansı itmiş sənəd, qiymətli kağız və ya əşya barədə məlumat verirlər: “Biz də onlara ərizə forması təqdim edirik, adını, soyadını, ünvanı yazır, itən əşya büroya daxil olursa, zəng vurub məlumat çatdırırıq. Büroya daxil olan əşya və sənədlərin saxlanmasına cavabdehik”.

ASAN xidmət mərkəzlərində, ayrı-ayrı dövlət orqanlarında unudulan, “Təmiz Şəhər” ASC-də tullantıların içərisindən çıxan sənədlər də buraya gətirilir.

Həmsöhbətim deyir ki, itirilmiş sənəd və əşyanın axtarışı barədə daxil olmuş müraciətlərə 10 gün ərzində baxılıb vətəndaşa cavab verilir: “Xüsusi yoxlama aparılması zəruri hesab edilməyən hallarda isə 3 iş kifayət edir. Müraciət etmiş vətəndaşa büro əməkdaşları tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş arayış verilir.

Bizim büroya yalnız paytaxtdan deyil, ayrı-ayrı bölgələrdən, müvafiq dövlət orqanlarından daxil olan sənəd və əşyalar da göndərilir və rəsmiləşdirilir. Rayonlardan da axtarış üçün müraciət edənlər olur. Bu yaxınlarda bir əşya tapıldı, məlum oldu ki, sahibi Zaqatalada yaşayır.

Biz də həmin əşyanı Zaqatala Rayon Polis İdarəsinə göndərdik ki, yiyəsinə təqdim olunsun”.

Bu il ərzində 500-ə yaxın itirilmiş əşya tapılıb. 2015-ci ildə isə 3000-dən artıq sənəd tapılaraq sahibinə təhvil verilib.

Təzyiq ölçən, üzük, hərbi bilet...

Daha sonra büro əməkdaşları ilə birlikdə tapılan sənəd və əşyalara baxdıq. Burada şəxsiyyət vəsiqəsi, hərbi bilet, təzyiq ölçən aparat, eynək, üzük, şelfi çubuğu, telefonlar, pulqabı, qolbaq və müxtəlif sənədlər vardı.
Sənədlərdən əlavə əşyalar sahibinə necə qaytarılır? Suala cavabda Sakit Hüseynov dedi ki, gün ərzində tapılan və sahibinə təhvil verilən əşyaların sayı 15-20-yə yaxın olur:

“Vətəndaş əşyanın əlamətlərini, harada itdiyini düz deyirsə, əşyanı ona qaytarırıq. Bütün hallarda vətəndaş itmiş əşyasını, sənədlərini axtarmaq üçün dövlət orqanına müraciət etdikdə, onu birinci Tapıntılar Bürosuna yönəldirlər”.

Cürbəcür zənglər gəlir...

Büronun digər əməkdaşı, polis serjantı Mazan Nuriyevin sözlərinə görə, büroya gün ərzində müxtəlif insanlar zəng edir: “Bizim işimiz vətəndaşın müraciətini qəbul etmək və onu məlumatlandırmaqdır. Biri bu yaxınlarda zəng vurub itini itirdiyini söyləmişdi. Sonra heyvanı təsvir etməyə başladı.

İtinin qırxılmış vəziyyətdə olduğunu söylədi, yerişini, rəngini, itdiyi vaxtı söylədi. Düzü, indiyə qədər bizə gətirib heyvan təhvil verən olmayıb. Amma təhvil versələr, təbii ki, üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik”.

Həmsöhbətimiz deyir ki, tapılmış əşyalar, adsız və ünvansız sənədlər 1 ay müddətində saxlanılır, həmin müddətdə sahibi aşkar edilmədikdə onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq aidiyyəti üzrə təhvil verilir: “Şəxsi sənədlər, ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və sair 1 ay müddətində saxlanılır.

Bu müddətdə sahibi müraciət etmədikdə ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarına, hərbi biletlər aidiyyəti üzrə səfərbərlik xidmətlərinə, tələbə biletləri, qiymət kitabçaları, təhsil diplomları və digər sənədlərin sahiblərinə qaytarılması üçün təhsil müəssisələrinə, sahibinin qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də müvafiq təşkilatlara göndərilir”.

Turistlərin qoyub getdikləri telefonlar


Məlum olduğu kimi, 2015-ci ildə Azərbaycanda I Avropa Oyunları keçirildi.

Sakit Hüseynovun sözlərinə görə, oyun ərəfəsində yarışların keçirildiyi məkanlarda ölkə vətəndaşı və xarici qonaqların unutduğu əşyalar stadion işçiləri tərəfindən aktlaşdırılmış şəkildə onlara təqdim edilib: “Həmin əşyanın üzərində ünvan varsa, yaxud sahibini araşdırıb müəyyən etmək mümkün olursa, o sənədin, əşyanın sahibinə qaytarılması təmin olunur. Turistlər adətən “İphone” telefonlarını itirirdilər. Həmin telefonlar Azərbaycanda qeydiyyatdan keçmədiyi üçün onların kodlarını açmaq olmur.

Pul sahibi tapılmasa...

İtən əşyaların, sənədlərin yiyəsinə tez çatdırılmasını istəyənlər tapdığını bu büroya təhvil versələr daha düzgün olar.

Mazan Nuriyev deyir ki, ictimai nəqliyyatda, yollarda və başqa iaşə obyektlərində itən əşyalar mühafizə olunan xüsusi saxlanc yerində saxlanılır: “Büroya tapdığınız pul vəsaitlərini təqdim edə, eyni zamanda, itirdiyiniz pulu axtarıb tapmaq üçün də müraciət edə bilərsiniz. Bu yaxınlarda bir nəfər pulqabı tapmışdı. İçərisində 100 manat pul və şəxsiyyət vəsiqəsi vardı.

Biz araşdırıb həmin şəxsi tapdıq, pulu və sənədi təhvil verdik. Məlum oldu ki, həmin pul xəstə pensiyaçının dərman alacağı pulmuş.

Büro tapılan pulun sahibini müəyyənləşdirə bilmirsə, müəyyən müddət saxlandıqdan sonra rəsmiləşdirilərək pul dövlət hesabına keçirilir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər