Gültəkin Məmmədova
7-dən-70-ə hər kəsin bilməsi vacib olan mövzulardan biri də “marka ola bilmə” anlayışıdır. “Marka” bir fikrin və ya xidmətin başqa fikir və ya xidmətdən fərqlənməsidir.
Əvvələr bu söz daha çox iqtisadi termin kimi başa düşülürdü. Lakin günümüzdə ilkin anlayışından daha geniş mənanı ifadə etməyə başlayıb.
Çünki hazırda hər insanın özünün marka olma ehtimalı var. Əgər sizlərdən biri öz sahəsində daha çox tanınırsa, onun xidmətlərinə daha çox tələbat yaranırsa və sizdən yararlanmaq üçün yaxşı gəlir təklif olunursa, sizi təbrik edə bilərik.
Siz artıq bir markasınız!
Marka olmaq hər kəsə lazımdır. Ya bağban olsun, ya da bir alim, fərq etməz. Deməli, marka olmaq hamıya bu qədər lazımdırsa, məktəb və universitetlərdə bu sahə bütün ixtisaslar üzrə tədris olunmalıdır.
Cəmiyyətə “kal” mütəxəssislər buraxılmamalıdır. Belə vəziyyətdə gənclik nəinki başqalarına, heç özünə belə kömək edə bilmir. İnsanlara özünü düzgün şəkildə ifadə etmə qabiliyyəti öyrədilməlidir. Hər kəsin ali təhsil almamağı normaldır. Amma təhsil ocağından çıxıb, nə edəcəyini bilməyən “inkubator cücəsi” kimi gözlərini döyən insan kütləsinin yaranması böyük faciədir.
Dünyada minlərlə ixtisas və peşə adları var. Bu adları daşıyan milyonlarla insan var. Bu milyonlardan fərqlənə bilmək marka ola bilmək deməkdir. Marka olmağımız işimizin düzgün təqdimatından başlayır. Əgər hələ də sahib olduğumuz ixtisasda uğur qazana bilmiriksə, burada ən böyük səbəbkar özümüzük. Əvvəla hər birimiz sevdiyimiz işi görməliyik. Bu, bizim həmin sahədə uğur qazanmağımıza ən azı yarı-yarı kömək edər. İnsan sevdiyi bir işi görəndə zövq alır, zövq aldıqca istirahət edir.
Seçdiyiniz ixtisasla bağlı insanların uğur hekayələrini mütləq oxuyun. Bu, sizə motivasiya verəcək. Bəlkə, sizin qarşılaşdığınız problemlər başqa insanlar da qarşılaşıb.
Sahənizlə bağlı yenilikləri araşdırmağa başlayın. Sizə nə problem yaradırsa, onları müəyyənləşdirin, öyrənin. Çünki işinizi zəiflədən həmin səbəb təkcə sizə maneə olmaya bilər. Əmin olun ki, sizin kimi yüzlərlə həmkarınız, yaxud rəqibiniz həmin problemləri aşmaq üçün yol axtarır.
Uğurlu marka olmağa həm də psixoloji cəhətdən hazır olmalısınız. Öndə olmaq istəyi daim bizdə olmalıdır, amma eqoizimlə arada olan divarı aşmamaq şərti ilə.
Siz işinizdə çıxan maneələri aşaraq üstünlüyü əldə edə bilərsiniz.
İstənilən sahənin sahibinin əlavə dil bilgisi ona üstünlük verir. Bu, sizin öz sahənizlə bağlı araşdırmalarınızı daha sürətli və keyfiyyətli edər.
Danışıq üslubumuz da əhəmiyyətlidir. Ola bilər ki, biz öz sahəmizi yaxşı bilirik, amma özümüzü, işimizi təqdim etmək qabiliyyətimiz zəifdir. Bu, o deməkdir ki, üslubumuzu dəyişməliyik. Və hər gün öz ixtisasımızı daha yaxşı mənimsəməyə çalışmalıyıq.
Marka olmaq daim sərhədləri genişləndirmək deməkdir. Əvvəl ailəniz və yaxınlarınızın ətrafında, daha sonra qəsəbənizdə, şəhərinizdə, ölkənizdə və sonra bütün ölkələrdə, dünyada marka olmağa ən azı cəhd etməliyik. Onsuz da hər bir uğurumuz bacarığımız qədər irəli gedəcək.
Uğur qazanmaq marka olmaqdan başlayır. Fransız yazarı Andre Jidin fikri ilə desək, “yaxşı başlanğıc yarı yarıya qələbədir”.