22 Aprel 2016 10:12
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 11 dən 20-dək Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin (TQDK) internet saytı vasitəsilə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qabiliyyət imtahanına qeydiyyatı aparılıb.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan 25 nəfər bakalavr həmin müddət ərzində anketi doldurmaqla qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib.

Onların 22 nəfəri Azərbaycan bölməsi, 3 nəfəri isə rus bölməsi üzrə imtahan verənlərdir.
Qeydiyyatdan keçmiş həmin bakalavrlar 22-25 aprel 2016-cı il tarixlərində "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2016-cı il aprelin 26 dan 28 dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanı Bakı şəhərində, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) keçiriləcək.

Qabiliyyət imtahanı, həmçinin bakalavrların magistarturaya qəbul imtahanının ikinci mərhələsində yazacaqları inşaya (esseyə) qoyulan tələblər və onların qiymətləndirmə meyarları haqqında ətraflı məlumat “Magistr” jurnalının 2016-cı il tarixli 3-cü sayında verilib.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər