"Dünyanın olduqca fərqliliyi və müxtəlifliyi əslində planetin daha füsunkar olmasını təmin edir. Ona görə də biz daha rəngarəng planet üçün səylərimizi əsirgəməməliyik".
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində Gənclər forumunun bağlanışında deyib.
Nazir tədbirdə iştirak edən gənclərə minnətdarlığını bildirib. Ə.Qarayev vurğulayıb ki, Azərbaycanda gənclərin təşəbbüslərinin və fəaliyyətlərinin təmin olunması üçün geniş imkanlar yaradılıb: "Çünki Azərbaycan tarixən müxtəlif millətlərin, xalqların, dinlərin nümayəndələrinin fikirlərinə hörmətlə yanaşıb".
Ə.Qarayev bildirib ki, Azərbaycanda da minlərlə gənc müharibə nəticəsində valideynlərini itirib. Nazir dünyada problemlərin və münaqişələrin qarşısını almaq üçün gənclərin fəallığının artırılmasının vacibliyini qeyd edib.