13 May 2016 15:18
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son dövrlər hüquq müdafiəçiləri və ya adi insanların məmurların qəbuluna düşməsi, onlarla görüşüb şikayətini deməsi bir qədər çətinləşib. Mən konkret olaraq bunu Təhsil Nazirliyinin timsalında deyə bilərəm”.

Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Səadət Bənənyarlı İnsan Hüquqları üzrə Birləşmiş İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinin bu gün keçirilən birgə mətbuat konfransında səsləndirib.
S.Bənəniyarlı qeyd edib ki, gün ərzində dəfələrlə Təhsil Nazirliyinin aparatı ilə əlaqə saxlamağa çalışıb: “Ancaq hər dəfə mümkün olmadı. Ya bu qurum telefonunu elektron xidmətə birləşdirərək zənglərə cavab vermir, ya da şikayətlər həddən artıqdır ki, onlara düşmək olmur. Zəng edib nazirin vətəndaşları qəbulu günü ilə maraqlanırsan, deyirlər ki, belə şey yoxdur. Ancaq qanunla hər ayın şənbə günü nazir vətəndaşları qəbul etməlidir”.

Hüquq müdafiəçisi daha sonra qeyd edib ki, onlara təhsil, habelə məktəbəqədər təhsillə bağlı şikayətlər daxil olur: “Bir savadlı xanım bizə müraciət edib. Deyir ki, işdən çıxıb uşağını saxlamaq məcburiyyətində qalır. Çünki aldığı əmək haqqı uşağını özəl bağçalara qoymasını mümkünsüz edir. Dövlətin tərkibində olan bağçaya isə hər həftə pul verməli olur. Mən aidiyyəti qurumlara bu məsələyə diqqət etməyə dəvət edirəm. Özəl bağçalardan bizə şikayət daxil olmur. Ancaq hər bir vətəndaş da övladını özəl bağçaya qoya bilmir”.
Hüquq müdafiəçisi daha sonra söyləyib ki, orta məktəblərdə birinci sinfə qəbulla bağlı ciddi problemlər ortaya çıxıb:

“Təsəvvür edin ki, I sinfə qəbulu testlə ediblər. Uşağı 2 saat 30 dəqiqə saxlayırlar. Sonra isə deyirlər ki, uşaq testdən keçmədi. Əvəzində isə nə testin cavabını verir, nə də valideyni içəri buraxırlar. 7 yaşlı uşağı 2 saat yarım valideyndən uzaq saxlamaq, ondan imtahan götürüb testin cavabını valideynə verməmək və uşağın testdən keçmədiyini elan etmək nə deməkdir? Mən bunu Avropa Liseyinin timsalında deyirəm. Nəzərə alın ki, Azərbaycan konstitusiyasına əsasən burada söhbət icbari təhsildən gedir”.

Səadət Bənənyarlı qeyd edib ki, daha bir problem xaricdə təhsil alan savadlı tələbələrin öz diplomunu təsdiqlədə bilməməsilə bağlıdır: “Təsəvvür edin ki, belə savadlı insanların sayı çoxdur. Bu problemə görə, onların çoxu xaricdə qalır, yüksək məvacibə işləməli olurlar. Çünki burada diplomlarının təsdiqlətmələri üçün illərlə enerji sərf etmək lazım gəlir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər