Bakının “Sovetski” adlanan tarixi məhəlləsində söküntü işləri xeyli sürətlənib. Paytaxtın qədim məhəlləsindən köçənlər də var, evinin tarixi bina olduğunu deyib sökülməsini istəməyənlər də...
Biz məhəlləyə daxil olanda söküntülər arasında bir qara pianinonun qaldığı diqqətimizi çəkdi. Bir az yuxarıda iki kişi dayanmışdı. Yaxınlaşıb onlarla söhbətləşmək istədim.
Küçəni qalxmaq asan deyildi. Hər tərəf toz-torpaq, sökülən evlərin tör-töküntüsü... Çətinliklə də olsa onlara yaxınlaşdım. Sökülməkdə olan tarixi abidələrlə bağlı söhbət etmək istəyirdik ki, kənardan bir kişi əlində 3 gül gətirib mənə verdi. “Qoy, “Sovetski”nin həyətində son açan güllər uşaqlığı bu məhəllədə keçmiş bir insandan sizə hədiyyə olsun” dedi, gülləri verib getdi...
Tarix itib-batacaq
“Sovetski”də doğulub böyümüş Faiq Əliyev deyir ki, bu ərazi başdan-ayağa tarixi abidələrlə zəngindir: “Yaşadığım ev də tarixi abidədir. Sökməkdənsə onu bərpa eləməlidirlər. Sənədlərə görə, bu binanın tikintisi 1895-ci ildə başlanıb, 1909-cu ildə sona çatıb. Atam həmişə binanın memarının italyan olduğunu deyirdi. Burada yeganə binadır ki, üzərindəki naxışlar daşdan düzəlib. Çöldən baxan adam pəncərələrin plastik olduğunu düşünər, amma elə deyil. Hamısı taxtadandır.
İçindəki hər detal keçmişdən, tarixdən xəbər verir. Binaya xarici görünüşünə görə də yüksək qiymət verilir. Bu cür binaları sökmək olmaz, bu, tariximizi itirmək, üstünü torpaqlamaq deməkdir. İnsan öləridir, binaların hər daşı isə tarixdir.
Bəlkə də bu binanı söküb yerinə daha qəşəngini tikəcəklər, amma onun tarixi 1909-cu il yox, 2016-ci il yazılacaq. Beləcə tarix itib-batacaq”.
Söküntülərin içində qalan pianino...
Faiq Əliyev deyir ki, bu ərazidə tarixi abidələr çoxdur. Binaların çoxunun 150 yaşı var: “Aşağıda Abbas Mirzə Şərifzadənin evidir. Həmin ev tarixi abidə kimi Nazirlər Kabinetinin siyahısına da daxil olub. Amma iki gün əvvəl söküldü, bu pianino da həmin binadan qalıb.
Abbas Mirzə Şərifzadə 1937-ci ildə həbs edilib güllələnib. O vaxt aktyorun evi axtarılıb, iki teatr tapançası, bir teatr qılıncı götürülüb.
Söküntülər arasında qalan pianino hamının marağını cəlb edir, gəlib o pianino ilə şəkil çəkdirirlər. Dünən Estoniyalı jurnalistlər də gəlib buradakı abidələri çəkdilər. Onlar üçün bu cür binaları görmək maraqlı idi. Biz bu abidələri qoruyub saxlaya bilsək, ölkəmizə turistləri də cəlb edə bilərik”.
“Siyahıdan çıxarılandan sonra söküləcək”
Faiq Əliyev bizə yaşadığı evin tarixi abidə olduğunu təsdiqləyən sənədləri də göstərdi.
“Sovetski” sakini deyir ki, 3-4 gün bundan əvvəl onların yaşadığı bina ilə bağlı Prezident Administrasiyasına göndərdikləri məktuba da cavab gəlib: “Binanın tarixi əhəmiyyətini nəzərə alıb müvafiq yerlərə məktub yazmışam ki, sökülməsin. Prezident Administrasiyasından məktubuma cavab gəlib. Orda deyilir: “Qaldırdığımız məsələ ilə bağlı məlumat veririk ki, qeyd edilən ünvan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 nömrəli qərarı ilə dövlət əhəmiyyətli yolların, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alınan ərazidə yerləşir. M.Fətəli küçəsi, 45 ünvandakı bina yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısına daxildir və yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında, siyahıdan çıxarılandan sonra sökülə bilər”.
Bir müddət əvvəl Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Maliyə naziri Samir Şərifov binaya baxmaq üçün gəlmişdilər. Baxdılar, bildirdilər ki, ərazidə olan tarixi abidlərin siyahısı Nazirlər Kabinetinə təqdim edilib”.
“Sovetski”dən Nizamı metrosunun arxa tərəfinə düşən küçədə 12 nömrəli hamam da var. 1889-cu ildə inşa edilib. Mədəniyyət və Turizm Nazirliyi onu yerli əhəmiyyətli memarlıq abidəsi hesab edib. Abidə dövlət tərəfindən qorunur. Hamamın qapısı bağlı idi.
“33 tarixi bina sökülüb”
Faiq Əliyevin evinin arxasında sökülməsi gözlənən məscid də var. Şəkilini çəkmək üçün binanın arxa küçəsinə keçdik.
Burda yaşayan Kazım Cəlilov da “Sovetski”nin başdan-ayağa tarixi abidə olduğunu deyir: “ Söküntülər zamanı bu ərazidə 33 tarixi bina dağıdılıb. Biz çalışırıq ki, abidələrimiz sökülməsin. Tarixi binaların yaxınlığında söküntü işləri aparılanda istər-istəməz onlar da zədələnir. Çingiz Mustafayev, Murtuza Muxtarov, Süleyman Rəhimov küçələrində ümumilikdə 30-dan artıq tarixi bina uçurulub”.
Kazım Cəlilovun sözlərinə görə, sökülməsinə qərar verilən binalardan biri də Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunan Hacı Əbdülrəhimbəy Qulubəyov məscididir: “1902-ci ildə inşa edilib. Sökülməsi gözlənilir. Halbuki məscidləri sökmək əvəzinə bərpa etmək lazımdır. Ata-babalardan qalan yadigarlardır”.
Məscidin divarına vurulmuş lövhəni də gözlərimizlə gördük: “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur”.
Ancaq abidələr qorunurmu?..
İlhamə Əbülfət
P.S.Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mövqeyi haqda növbəti yazıda tanış ola bilərsiniz.