Qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Məmmədov Ülvin Camaləddin oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb. Şəhidin medalı laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Qarakeçdi obasında onun ailəsinə təqdim edilib.
Rayon icra hakimiyyətinin, “N” saylı hərbi hissənin, rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, gənclərin iştirak etdiyi mərasimdə şəhidlərin şücaətindən bəhs edilib, ruhlarına dualar oxunub.
Mərasimdə çıxış edənlər son illər ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısının Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınmasından, düşmənə layiqli cavab verilməsindən danışıblar.
Sonra şəhid Ülvin Məmmədovun layiq görüldüyü medal anasına təqdim olunub. Şəhid əsgərin anası oğlunun xatirəsinin əziz tutulduğuna, ailəsinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. (“Azərtac”)