Respublikamızın ali məktəblərini bitirən məzunlar üçün Dövlət Gömrük Komitəsində test imtahanı və müsahibə keçirilib. Tam şəffaflıq şəraitində aparılan imtahanda məzunlar öz biliklərini sınayıblar.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, gömrük orqanlarında xidmətə qəbulla əlaqədar DGK-da yaradılmış komissiya üzvlərinin iştirakı ilə aparılan test imtahanlarında daha çox bal toplayan və növbəti mərhələdən uğurla keçən 44 gənc kadr gömrük orqanlarında işlə təmin edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin dövlət idarəçiliyi strategiyasının nəticəsində formalaşan inkişaf modeli səmərəli kadr siyasətinə və peşəkar dövlət qulluğuna zəmin yaradıb. Kadr potensialının gücləndirilməsinə göstərilən yüksək diqqət, eyni zamanda Azərbaycanın inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.
Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu kadr potensialı ilə ölçülür. Öz növbəsində, gömrük orqanlarında kadr potensialını gücləndirmək, seçilən kadrların peşəkarlığını artırmaq Dövlət Gömrük Komitəsi tərəfindən daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir.