1 İyun 2016 17:57
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini sürətlə davam etdirir.

Şirkətdən verilən məlumata görə, hazırda Bakı Şəhər Halqası boyunca təhlükəsizlik baryerləri ilə yanaşı, trek ətrafında əvvəlcədən müəyyənləşdirilmiş yerlərdə tribunalar quraşdırılır. Sonuncu tribunanın - Azneft dairəsi üzərində inşa olunacaq eyniadlı tribunanın quraşdırılmasına iyunun 2-dən etibarən start veriləcək. Bu səbəbdən iyunun 1-dən 2-nə keçən gecə, saat 01:00-da Neftçilər prospektinin "Azneft" dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Belə ki, "Azneft" tribunası eyniadlı dairənin üzərində inşa olunacağına görə, az aralıda, yenə Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində müvəqqəti əvəzedici dairə quraşdırılacaq. Mövcud dairə üzərində "Azneft" tribunasının quraşdırılması səbəbindən Neftçilər prospekti Bayıl qəsəbəsi tərəfindən gələn nəqliyyat vasitələri üçün hərəkət hər iki istiqamətdə tam təmin olunacaq. Sözügedən məhdudiyyətin 26 iyun tarixində aradan qaldırılması nəzərdə tutulub.

Xatırladaq ki, 14-21 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq. Yalnız əvvəlcədən təyin olunmuş zonalara giriş icazəsini göstərən müvafiq nişana sahib nəqliyyat vasitələrinin bu zonalara girişinə ancaq gecə saatlarında (saat 00:00-dan 06:00-dək) icazə veriləcək.


Müəllif: