6 İyun 2016 13:27
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda təşəbbüsçü olan universitetlərdə ümumilikdə 350-400 tələbə yeri kredit üçün fondun balansındadır”.

Teleqraf.com xəbər verir ki, bunu Maarifçi Tələbə Krediti Fondunun icraçı direktoru Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, hər universitet öz elmi şurasında tələbələrin sayını təsdiq edib və ayrılan yerlərə fondda sərmayə qoyub. Hər il bu rəqəm yenilənəcək: “Kredit almaq istəyən tələbələr artıq bu gündən iyunun 15-ə kimi Fonda müraciət edə bilərlər. Fondun maliyyə imkanlarından istifadə etmək üçün tələbə Azərbaycan vətəndaşı olmalı, təsisçi ali məktəbdə təhsil almalı, təhsilini davam etdirmək üçün maliyyə yardımına həqiqətən ehtiyacı olduğu təsdiqlənməli, valideynlərinin və özünün əvvəllər aldığı kreditlər üzrə de-folt hadisələr baş verməməlidir.

Valideynin illik gəliri 10 min manatdan artıq olması mənfi göstəricidir. Tələbənin yaşı isə 25-dən yuxarı olmamalıdır. Maliyyə kreditləşməsi bu il yalnız bakalavr pilləsində təhsil alan tələbələrə şamil olunur”.

Fondun icraçı direktorunun sözlərinə görə, əsas şərtlərdən biri də tələbənin ümumi orta müvəffəqiyyət balının 71 baldan yuxarı olmasıdır: “Əgər tələbənin növbəti illərdə göstəriciləri aşağı düşərsə, kredit verilməsi dayandırılacaq.

Tələbə krediti almaq üçün II kursdan müraciət edə bilər. Sistemin çevik, rahat olması üçün müraciətlər yalnız onlayn şəkildə qəbul olunacaq”.

Rüfət Mahmudovun sözlərinə görə, kreditin maksimum faiz dərəcəsi 8 faizdir: “Tələbə krediti universiteti bitirdikdən 1 il sonra 10 il ərzində ödəyə bilər. Fondun maliyyə əməliyyatlarını agent bank olaraq Kapital Bank gerçəkləşdirəcək. Gələcəkdə digər banklarla da əməliyyatı aparmaq mümkün olacaq. Tələbə üçün rahat şəkildə krediti qaytarma müddətində mexanizmləri işlək vəziyyətdə olacaq”.


Oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtının 1 il də artırılacağını deyən icraçı direktor qeyd edib ki, bir tələbə 1 il üçün maksimum 4000 min manat məbləğində kredit ala bilər: “Kreditin maksimum məbləği 5 il ərzində 20 min manata. Həmin pul fonddan birbaşa ali məktəbə ödənilir”.

Fondun direktoru qeyd edib ki, tələbələr üçün standart və güzəştli paketlər də nəzərdə tutulub: "Bələ ki, standrat paketlərdə 8 faizlik dərəcə götürülüb. Amma güzəştli paketlərdə 6 faizlik kredit məbləği nəzərdə tutulur. Güzəştli paketləri ailə başçısını itirmiş, sağlamlıq imkanı məhdud tələbələr ala biləcək.

Tələbələr kredit almaq üçün hər il mütləq müraciət etməlidir. Tələbə krediti qaytarmasa məsələ məhkəmə yolu ilə həll ediləcək”.

On təhsil müəssisəsi – Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti fond təsis edib. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər