İyunun 6-da Mədəniyyət və Turizm Nazirliyinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə 10 saylı cəzaçəkmə müəssisəsində “Yarımçıq xatirələr” filmi nümayiş olunub.
Nazirlikdən Teleqraf.com-a bildiriblər ki, tədbirin əsas məqsədi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq azadlıqdan məhrum edilmiş şəxsləri Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etmək olub.
Mərasimdə çıxış edən 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, müəssisədə klub, kitabxana fəaliyyət göstərir. O, bu işdə öz dəstəyini əsirgəməyən Mədəniyyət və Turizm Nazirliyinə də minnətdarlığını bildirib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, ölkəmizin hər bir vətəndaşı kimi məhbus həyatı yaşayan insanlarımız da bizim üçün əzizdir. Hər birimiz onların islah olunaraq yenidən cəmiyyətimizə dönməsində əlimizdən gələn köməyi göstərməliyik.
Sonra rejissor Elxan Cəfərovun ekran əsəri olan “Yarımçıq xatirələr” filmi göstərilib.
Qeyd edək ki, ötən il ekrana çıxmış filmdə 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və əlli ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs olunur.