Quldurluqda, insan alveri, hədə-qorxu yolu ilə pul tələb etmə və digər cinayətlərdə ittiham olunan Elməddin Şahbazov, Elvin Rüstəmov, Pünhan Sayılov, Rüfət Əzizov, Xəyal Bədəlov, Elvin Həsənzadə və Elnur Abbasovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, 2014-cü il dekabr ayının 18-də Salyan rayonunun Xıdırlı kəndində Xəyal Bədəlov, Rüfət Əzizov və Elvin Rüstəmov həmyerliləri Elnur Qiyamovu və Tofiq Abbasovu bıçaqla öldürəcəkləri ilə hədələyiblər.
Onlar Elnurdan 30 manat və üzərində olan qızıl əşyalarını, Tofiqdən isə 700 manat alıblar. Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəyal Bədəlov, Rüfət Əzizov və Elvin Rüstəmov tutulublar.
Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Səbail rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Salyan rayon sakinləri Namus Qiyamovdan və Tofiq Abbasovdan hədə-qorxu gələrək pul tələb etmiş qrupun digər üzvü - Neftçala rayon sakini Pünhan Sayılov tutulub.
Onların Bakı şəhər sakinləri oğurlayaraq pul tələb etdikləri də ortaya çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elməddin Şahbazov 16 il, Elvin Rüstəmov, Pünhan Sayılov, Rüfət Əzizov və Elnur Abbasov 14 il, Xəyal Bədəlov və Elvin Həsənzadə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər. Dəstə üzvlərinin şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.
Daha sonra təqsirləndirilən şəxslər apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə bağlıması barədə vəsatət veriblər. Məhkəmə onların vəsatətlərini təmin etməyiblər.
Bundan sonra təqsirləndirilən şəxslər apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılması üçün kasasiya şikayəti veriblər. Kasasiya şikayəti verildiyi üçün apelyasiya instansiyasında iş dayandırılıb və şikayət baxılması üçün Ali Məhkəməyə göndərilib.
Hacı Zeynalov