28 Oktyabr 2016 16:06
1 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda münaqişə zəminində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib.

İttihama görə, hadisə bu il iyunun 23-də Qusar rayonunun Kuzunqışlaq kəndində baş verib. Əvvəllər məhkum olunmuş Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.
Qusar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.

Müəyyən edilib ki, İmran Bədirov dostu Sadiq Əmiraslanovla Qusar rayonunun mərkəzi bazarında yerləşən "Sürücü" kafesində yeyib-içiblər.


Sərxoş dostların yadına digər dostları Əzizulla Məmmədovun söyüş söyməsi düşüb. Hesab ediblər ki, Əzizulla bu söyüşləri işlətməklə onların şəxsiyyətini alçaldıb.


Bu səbəbdən İmran Bədirov və Sadiq Əmiraslanov Əzizullanı öldürmək qərarına gəliblər. Onlar Əzizullanı "VAZ-2107"markalı maşına mindirərək "Çoban dərəsi" adlanan ərazisindəki "Şimal" kafesinə gətiriblər. İki dostun məqsədi Əzizullanı içirdərək sərxoş etmək olub.

Bu səbəbdən onlar kafedə içki məclisi qurublar. Bilərəkdən içki içməyən iki dost şərait yaradıb ki, Əzizulla daha çox spirtli içki qəbul etsin. Əzizullanın sərxoş olduğunu görəndə niyyətlərini həyata keçirmək qərarına gəliblər. İmran Bədirov kafenin arxasına keçərək ip götürüb, ilgək vuraraq cibinə qoyub. Onlar Əzizullanı Samur-Dəvəçi kanalının yanına gətiriblər.


Orada Sadiq Əmiraslanov sərxoş olan və müqavimət göstərə bilməyən Əzizulla Məmmədovu döyüb, İmran Bədirov isə ipi onun boğazına keçirərək boğub. Əzizulla hadisə yerində ölüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ilə ittiham olunurlar.

Prokurorun çıxışından sonra hakim təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın mahiyyətini izah edib. Bildirib ki, həmin ittiham üzrə təqsirləndirilən şəxslərin törətdikləri əməl məhkəmədə sübut olunsa, onları 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər.

Daha sonra hakim bildirib ki, hazırda prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi iştirak etmir. Növbəti məhkəmə iclasına həm zərərçəkmişin hüquqi varisinin, həm də şahidlərın gəlişi təmin olunacaq: "Hazırda təqsirləndirilən şəxslərin ifadə verməsini saxlayırıq. Onların ifadəsi zərərçəkmişin hüquqi varisinin iştirak etdiyi prosesdə dinlənəcək".

Proses noyabrın 11-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər