Fasilədən sonra zala qayıdan hakimlər qərarı elan ediblər.
Akif Çovdarov və onun vəkillərinin cinayət işi ilə tanış olması üçün əlavə vaxtın verilməsi ilə bağlı vəsatət təmin olunub.
Hazırlıq iclasının davamı noyabrın 10-na təyin olunub.
***
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Teleqraf.com xəbər verir ki, Akif Çovdarov və digər şəxslərin cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Həbib Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılır.
Cinayət işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov bildiriblər ki, ittiham aktının 60 cildinin 41 cildi ilə olublar, 19 cildi hələ qalır. Buna görə vəsatət verərək, məhkəmədən əlavə vaxt istəyiblər.
Hazırda hakimlər müşavirəyə gediblər. Müşavirədən qayıdıb vəsatətə münasibət bildirəcəklər.
Vəkil Kamandar Nəsibov deyib ki, Akif Çovdarovun səhhətində hələ də ciddi probləmlər var. O, aclıq aksiyasını davam etdirir.
Prosesdə Akif Çovdarov vəsatətə münasibət bildirərkən səhhətindən şikayətlənib: "Danışa bilmirəm. Vəziyyətim yaxşı deyil, yalnız 2 saat ittiham aktı ilə tanışlığa vaxt ayırıram. Səhhətimlə bağlı mənə normal şərait yaradılmayıb".
Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Hacı Zeynalov