16 Noyabr 2016 15:26
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digər şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Teleqraf.com xəbər verir ki, prosesdə Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev vəkillərin vəsatətlərinə münasibət bildirib.

O, sabiq nazir Əli Abbasov və onun müavini İltimas Məmmədovun məhkəmədə dindirilmə tələbinin rədd edilməsini istəyib. Bildirib ki, nazirliyin digər vəzifəli şəxslərinin cinayət işi ayrıca icraata verilib və bu səbəbdən adıçəkilən şəxslərin dindirilməsinə ehtiyac yoxdur.

Vüqar Babayev əlavə edib ki, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi məhkəmədə 163 milyon manat dəyərində mülki iddia qaldırıb.

Dövlət ittihamçısı Fərid Nağıyev vəsatətlərin bir qisminin baxılmamış saxlanılmasını, digərlərinin isə təmin edilməməsini istəyib. Daha sonra məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası vəsatətlərin təmin edilmədiyini elan edib.

Məhkəmə baxışı noyabrın 25-nə təyin edilib.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edir.

Teleqraf.com xəbər verir ki, məhkəmədə araşdırılan 517 cildlik cinayət işində 205 şahidin adı keçir.

Cinayət işi üzrə 11 təqsirləndirilən şəxs, 1 zərərçəkmiş şəxsin, 1 nəfər isə mülki iddiaçının nümayəndəsi var. Maliyyə Nazirliyi də zərərçəkmiş kimi tanınıb.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

Bu günkü prosesdə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edib.

Vəkil müvəkkilinə iki şirkətlə bağlı 4 milyon manatdan çox ittiham verildiyini deyib və həmin ittihamın cinayət işindən xaric edilməsini istəyib. Daha sonra vəkil Vidadi Zeynalovun səhhətində problem yarandığını bildirib və onun barəsində seçilmiş həbs qərarının dəyişdirilməsini xahiş edib: "Təəssüf ki, indiyəcən heç bir vəsatətimiz təmin edilməyib. Vidadi Zeynalov görüş yerinə sərbəst gələ bilmir, onun barəsində həbs qətimkan tədbirinin seçilməsini ləyaqətinin alçaldılması kimi qiymətləndiririk. Seçilmiş həbs qərarının başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunmasını xahiş edirik".

Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov deyib ki, istintaq orqanı Vidadi Zeynalovun 1941-ci ildə tikilən ata evinə, ailə üzvlərinə və qohumlarına məxsus mülklərin üzərinə də həbs qoyulub: "Vidadi Zeynalovun bacılarının müstəqil ailələri var, onların əmlaklarına həbs qoyulması qanunsuzdur. Buna görə də həmin əmlaklar üzərindən həbs qərarının götürülməsini xahiş edirik".

Bəylər Məmişov hesab edir ki, ibtidai istintaq zamanı mühüm şahidlər dindirilib: "Həmin şahidlər arasında Rabitə və yüksək texnalogiyalar naziri olmuş Əli Abbasov və onun müavini İltimas Məmmədov ifadə veriblər. Hər iki şahidin ifadəsinə cinayət işində istinad olunsa da, onların adları məhkəməyə çağırılan şahidlərin siyahısına əlavə edilməyib.

Eyni zamanda Əli Abbasov tərəfindın ibtidai istintaq zamanı rəhbərlik etdiyi nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3800000 manat, 600000 avro, 1200000 ABŞ dolları ödəniş apardığı qeyd edilib. Sabiq nazir istintaq zamanı cəmi 6 milyon 836 min 540 manat ödəniş edib. Qeyd olunan məbləğin hansı səbəbdən ödənilməsi, Əli Abbasovun hazırkı cinayət işi üzrə özünü hansı ittihamla təqsirli bilərək vurulmuş hesab etdiyi maddi ziyanı ödəməsi, o cümlədən həmin şahidlərin ifadələrində göstərilən xüsusatlar təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlarla bağlı əhəmiyyət kəsb edən halları əks etdirdiyindən, eyni zamanda onların ifadələrində təqsirləndirilən şəxslərin ünvanına ittihamedici xüsusatlar öz əksini tapdığından onların məhkəməyə çağırılıb, dindirilməsi vacibdir".

Bəylər Məmişov əlavə edib ki, Vidadi Zeynalov məhkəməyə yazılı müraciət ünvanlayıb, müraciətində qeyd edib ki, istintaqın yekun qərarı ilə tanış olmayıb: "Buna səbəb istintaqın qərəzli aparılmasıdır. Bundan başqa, cinayət işində üzərinə qoyulan əmlakların mətbuatda cinayət yolu ilə əldə edilməsi kimi dəyərləndirilir. Bu isə qanunsuzdur. Biz əmlakların geri qaytarılmasını istəyirik".

Daha sonra Anar Mustafayevin vəkili Gülşən Salmanova müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəkil cinayət işinin ibtida istintaqa qaytarılması barədə də vəsatət verib. Qeyd edib ki, istintaq zamanı müdafiə etdiyi şəxsin hüquqları kobud şəkildə pozulub: "Buna görə də işin dayandırılmasını, müdafiə hüququnun bərpası üçün cinayət işinin prokurorluğa qaytarılmasını xahiş edirik".

Namazalı Məmmədovun vəkili Könül Əliyeva da müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Vəkil qeyd edib ki, Namazalı Məmmədova və onun ailə üzvlərinə məxsus 10 əmlakın üzərinə həbs qoyulub: "Namazalı Məmmədovun heç yerdə işləməyən həyat yoldaşı və xəstə oğlu var. Əmlakların 2009-cu ildən sonra əldə edilməsi ilə bağlı iş materallarında heç bir sübut yoxdur. Əmlaklarıon üzərindən həbsin götürülməsini xahiş edirik".

Vidadi Zeynalov vəkillərinin vəsatətləri ilə razı olduğunu deyib. O, işin idtintaqa qaytarılmasının əleyhinə olub.
Bildirib ki, işin məhkəmədə araşdırıkmasını istəyir.

Proses günün ikinci yarısında davam edəcək.

İttiham aktına əsasən, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 567 min, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov 7 milyon 700 min, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov 250 min, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov 600 min, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 2 milyon, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov 1,5 milyon və “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev 204 min, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov 8 milyon, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 10 milyon, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov 4 milyon manat mənimsəmədə təqsirli bilinirlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər