23 Fevral 2017 18:38
8 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə iş adamı Elşən Mədətovun epizodu üzrə şahid qismində Hikmət Şükürov ifadə verib.

Məlumat üçün bildirək ki, Elşən Mədətovu MTN-ə çağırıraq həbs etməklə hədə-qorxu gəliblər və ondan 250 min dollar pul alıblar.

Hikmət Şükürov bildirib ki, 2008-ci ildə Elşən Mədətovun Şirvan şəhərində olan restoranını və Sabirabad rayonunun Həşimxanlı kəndində olan un dəyirmanını alıb. Şahidin sözlərinə görə, restorana 80 min, un dəyirmanına isə 20 min manat ödəyib: "Sənədləşmə həmin il yox, təxminən il yarım və yaxud iki il sonra həyata keçirilib. Həmin ərəfədə eşitmişdim ki, Elşən MTN tərəfindən incidilir, ondan pul tələb olunur. Mənə adiyyatı olmadığı üçün bunu dəqiqləşdirməmişəm".

Elşən Mədətov isə deyib ki, əmlaklarını 2008-ci ildə satıb. Onun sözlərinə görə, əmlaklarından aldığı pulu borclarına qaytarıb.

Zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, Vüsal Ələkbərovu məhkəmədə 5 vəkil müdafiə edir: "Vüsal Ələkbərov bu qədər pulu hardan alır ki, 5 vəkili aylarla, illərlə maliyyələşdirir. Mənim bir vəkilim var idi, 60 gün saxlaya bilmədim".

Daha sonra prosesdə həbsdə olan "Texnikabank" ASC-nin Bakı filialın sabiq rəhbəri Zal Yusifov ifadə verib. O bildirib ki, 613 saylı cinayət işi üzrə həm özü, həm oğlu İslam, həm də qardaşı Camal təqsirləndirilən şəxs qismində cəlb olunublar: "Vüsal Ələkbərov mənə dedi ki, özünə 15, oğluna isə 8 il cəza verdirəcəm. Hökm elan olunanda Vüsal Ələkbərovun dediyi kimi də oldu".

Zal Yusifovun sözlərinə görə, zərərçəkmiş Nuzami Kazımov kürəkəni Samir Əbdülqasımovun adına banka 1 milyon 200 min manat depozit qoyub: "Hər ay da bankdan faizini alıb. Mən həbs olunandan sonra təcridxanada olduğum zaman dedilər ki, Nizmi Kazımov və Hüseyn Səfərovla üzləşdirmə olacaq. Fikirləşdim ki, bank işi ilə bağlıdır. Onların saxlandığı otağa gedəndə hər ikisinin qollarında qandal olduğunu gördüm.

Dedim ki, bu nə məsələdir, dedilər, bizi də həbs ediblər.

Vüsal Ələkbərov dedi ki, bankda baş verən qanunsuzluqlardan bunların da xəbəri olub. Başa düşdüm ki, Nizami Kazımov bankdan pul tələb etdiyi üçün həbs edilib. Bir günün içində Nizami Kazımovun bankın balansında olan pulu yoxa çıxdı. Bilmədik pul hara yox oldu...

Vüsal Ələkbərov mənə dedi ki, Hüseyn Səfərovla Nizami Kazımovun hər biri 2 milyon dollar verib, hıbsdən buraxılıblar, sən də 2 milyon manat ver, bankın sınədlərini elə dərin yerə atım, heç kimin xəbəri olmasın, sən də azadlığa çıx. Mən həmin vaxt Vüsal Ələkbərovun təklifi ilə razılşmadım".

Zal Yusifov digər zərərçəkmişlər - Mehrac Qurbanov, Elşən Mədətov və Namil Rzayevi də tanıdığını, onların banka depozitə pul qoyduqlarını deyib. Qeyd edib ki, oğlu İslamın istintaq dövründə zaminə buraxılması üçün 300 min dollar ödəyib: “Məni MTN-də nəzarətdə saxlayırdılar. Məhkəmə dövründə də danışmağa imkan vermirdilər. Mənə ifadələri yazmağa məcbur edirdilər”.


Zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, Vüsal Ələkbərov Zal Yusifovdan onların əleyhinə zorla ifadə alıb: “İndi burada Vüsal Ələkbərova fəxri orden verək. Vüsal Ələkbərov da, Mövlam Şıxəliyev də “Texnikabank”ın idarə heyətinin sədri Etibar Əliyevdən külli miqdarda pul alıblar. Sonra işi bu vəziyyətə gətiriblər”.

Nizami Kazımov qeyd edib ki, bankın balansında olan 38 milyon manat bir günün içində silinib: “Bütün bunlara cavabdeh Etibar Əliyevdir. O, bura gəlməlidir və cavab verməlidir. Onunla bizim üzləşməmiz olmalıdır. Etibar Əliyev deyib ki, MTN-ə pul vermişəm, 38 milyon manatın üstündən xətt çəkilib. Bizə ziyanı Etibar Əliyev vurub, o da pulu ödəməlidir”.


Nizami Kazımov daha sonra qeyd edib ki, bankda baş verən mənimsəmə faktından sonra Etibar Əliyevlə söhbət edib: “Etibar Əliyev dedi ki, Milli Bankın rəhbəri Elman Rüstəmov bu məsələnin həll edilməsini, bankın adına ləkə gətirilməməsini istəyib. Bütün bu məsələlər araşdırılmalıdır. Bankdan dövlət sərhəd xidmətinin külli miqdarda pulu mənimsənilib. Bütün bu faktlar araşdırılmalıdır”.

Zal Yusifov deyib ki, dövlət sərhəd xidmətinin vəsaiti həll edilib. Onun sözlərinə görə, yoxa çıxan vəsait o vaxt ödənilib.

Digər zərərçəkmiş Namil Rzayevin sözlərinə görə, bankda vətəndaşların pulunu mənimsənilməsi ilə bağlı Etibar Əliyevin yanında müzakirə aparılıb: “Həmin vaxt razılaşdıq ki, bank pulumuzu ödəsin. Amma sonradan işə MTN qarışdı. MTN-də istintaq başlamasaydı, bank bizim pulları ödəyəcəkdi. Həmin görüşdə Etibar Əliyev bildirdi ki, Zal Yusifovun tutulmaq qorxusu yoxdur, zərərçəkmişlərin pulları bir həftə ərzində qaytarılacaq.

Bir həftədən sonra Zal Yusifov həbs edildi. Bundan sonra Etibar Əliyevin yanına getdim. Etibar mənə dedi ki, hamını mənimlə düşmən edibsən. Ona dedim ki, kimi səninlə düşmən etmişəm, bizim pullarımızı qaytar. Vüsal Ələkbərov Etibar Əliyevin yanında quzu balası kimi əyləşirdi. Elə bil, müstəntiq Etibar Əliyev idi, o istintaqı aparırdı. Vüsal Ələkbərovun başı Etibar Əliyevin yanında aşağı idi. Çünki ondan pul almışdı.

İndi burada Vüsal Ələkbərov 5 vəkillə müdafiə olunur, 105 vəkil də gətirsə, cəzadan yaxa qurtara bilməyəcək. Kim onu müdafiə edir, ona desin ki, zərərçəkmişlərə dəymiş ziyanı ödəmək lazımdır. Pulu kimə verib, ondan alsın, qaytarsın”.

Zal Yusifov zərərçəkmişin ifadəsini təqdiqləyib. Bildirib ki, həbs olunan günü Etibar Əliyev yüksək vəzifəli generalla onun evinə gəlib: “Mənə dedilər ki, məsələ bir həftəyə həll olunacaq. Amma bir həfə ərzində məsələnin həll olunması əvəzinə məni həbs etdilər”.

Vüsal Ələkbərov qeyd edib ki, Zal Yusifova vətəndaşlara dəymiş ziyanın ödənilməsini təklif edib: “Təklif etdim ki, camaatın pulu ödənilsə, həbs qərarı dəyişdirilə bilər. Çünki həmin ərəfədə pulları batan vətəndaşlar mitinq eləmək istəyirdilər, biz də onların sakitləşməsi üçün dəymiş ziyanın ödənilməsi məsələsini qaldırmışdıq. Bununla bağlı Baş prokurorun da göstərişi var idi. Prokurorluğun idarə rəisi mənim xidməti otağımda Zal Yusifovla görüşdü, ona təklif edildi ki, camaatın pulu ödənilsin.

Həmin vaxt Zal Yusifov dedi ki, pulların yerini oğlum bilir, onu həbsdən azad edin, pullar ödənəcək. Biz də onun oğlu barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdik. Amma hökmə kimi pul ödənilmədi. Buna görə də hökmdə Zalın oğlu həbs edildi”.

Daha sonra prosesdə ləğv edilmiş MTN-nin istintaq baş idarəsinin rəisi, general Mövlam Şıxəliyev ifadə verib. O, bildirib ki, Vüsal Ələkbərov MTN-nin peşəkar əmakdaşlarından olub: “2008-ci ildən Vüsal Ələkbərov barəsində böhtan xarakterli kampaniya aparılıb. Bu böhtanı atanların istintaqını 2008-ci ildə Vüsal Ələkbərov aparıb. Həmin şəxslər “Texnikabank”a qarşı iddia qalıdırblar, pullarının qaytarılmasını istəyiblər. Lakin məhkəmə onların iddialarını qəbul etməyib.

Pulların Zal Yusifov tərəfindən mənimsənilməsi sübuta yetirilib. İndi pulları Zal Yusifov qaytarmalıdır. Mən hesab etmirəm ki, Vüsal Ələkbərov kimdənsə rüşvət alsın”.

Mövlam Şıxəliyev qeyd edib ki, Nizami Kazımovu tanıyıb. Onun sözlərinə görə, Nizami Kazımovun adı “Texnikabank” işində keçib: “Buna görə Nizami Kazımov məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində həbs qərarı dəyişdirilib, ev dustağı edilib. Nizami Kazımovla MTN-də görüşməyini xatırlamıram.

Onunla heç vaxt görüşməmişəm, pul söhbəti etməmişəm. Elə rəis olmamamışam ki, təqsirləndirilən şəxslə pul alış-verişi edim. Vüsal Ələkbərovun da Nizami Kazımovla söhbətini eşitməmişəm”.

Mövlam Şıxəliyevin sözlərinə görə, Hüseyn Səfərovu da “Texnikabank” işi ilə bağlı həbs ediləndən sonra tanıyıb: “Nə Nizami Kazımovla, nə də Hüseyn Səfərovla aramızda pul söhbəti olmayıb. Zərərçəkmiş Elşən Mədətovu ümumiyyətlə tanımıram. Namil Rzayevi 1993-cü ildən tanıyıram. Mən Qaradağ rayon Polis İdarəsində işləyəndə şöbə rəisi Eldar Rzayevin qohumu kimi yanına gəlib-gedib. O vaxtdan onunla münasibətim olub.

Namil Rzayevdən 28 May küçəsində olan evimin qarşısında pul almağım yalandır. Çünki mənim orada ümumiyyətlə evim yoxdur”.

Mövlam Şıxəliyev qeyd edib ki, zərərçəkmiş Bahəddin Sultanovu ümumiyyətlə tanımayıb: “Binəqədi rayon Polis İdarəsinin rəisi Rasim Musayev (Rasim Musayev bu hadisələrdən sonra Gəncənin baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb, ürək tutmasından vəfat edib - H. Z.) mənə zəng etməyib.

Ümumiyyətlə Rasim Musayevlə bu barədə söhbətim olmayıb. Müsənnif Salahovu ümumiyytələ tanımıram.Ondan hansı məbləğdə pulun alnmasından zəbərim yoxdur.

Akif Qurbanovu tanımışam, onunla münasibətim olub. Toyda Akif Qurbanovla görüşmüşəm. Amma onunla Etibar Əliyevin həbs edilməsi barədə söhbətimiz olmayıb. Orada Etibar Əliyevi söyməmişəm. Mən söyüş söyən adam olmamışam. Akif Qurbanovun ölkəyə girişinə və çıxışına “Stop” qoyulmasından da xəbərim olmayıb”.


Mövlam Şıxəliyevin ifadəsinə zərərçəkmiş Namil Rzayev arayış verib: “Mən buna söz deməyə xəcalət çəkirəm. Amma bunlar mənəm evimin satılmasına görə xəcalət çəkmirlər. Mövlam Şıxəliyevin otağında olmuşam. Mövlam mənə dedi ki, şefin göstərişi var, həbs edilməlisən. Mən Eldar Mahmudovu “Oboxees” işləyəndən tanımışam. Mövlam əvvəl 1 milyon, sonra 700 min, daha sonra isə 500 min dollar istədi. Bu pulun 200 min dollarını Mövlama, 300 min dollarını isə Vüsala vermişəm”.


Mövlam Şıxəliyev qeyd edib ki, rəhbərindən hər hansı qanunsuz göstəriş almayıb. Bu zaman Nizami Kazımov Mövlam Şıxəliyevə suallar verib. Mövlam Şıxəliyev Nizami Kazımovun yalan danışdığını deyib.

Nizami Kazımov Mövlam Şıxəlyevə “siz” deyə müraciət etsə də, Mövlam Şıxəliyevin ona “sən”deyə müraciəti hakimi hövsələdən çıxarıb: “Mən bayaqdabn sizin aranızda olan söhbəti izləyirəm. Nizami Kazımov “siz” deyə müraciət edir. Amma siz burada ona “sən” deyə müraciət edirsiz.

Burada hamının bərabər hüququ var. Siz burada idarə rəisi, general yox, şahid kimi danışırsız”.

Mövlam Şıxəliyev isə hakimin ittihamına belə cavab verib: “Mən Allaha da “sən” deyə müraciət edirəm. Mən heç kimdən pul almamışam, heç kimə də qaytarmağa pulum yoxdur”.


Mövlam Şıxəliyevin çıxışına Hüseyn Səfərov etiraz edib: “Hörmətli hakim, Mövlam Şıxəliyev burada arxayın danışır. Kimlərəsə pulunu verib, xilas olub. Bu Mövlam Şıxəliyev idi ki, otağında məni tərifləyirdi, deyirdi ki, nazirə səni tərifləmişəm, dediyimiz pulu da verir, hələ üstündə 50 min manat da verir, nazir də dedi ki, deyilən pulu versin, 50 min manat lazım deyil.

Vicdanıma and içirəm, Mövlam Şıxəliyev həbs edilməsə, özümü yandıracam. Biz məhkəməyə gəlməyəcəyik, Prezident Aparatına şikayətə gedəcəyik. Mövlam Şıxəliyev burada yalan danışır, o hər kəsi aldadır. Hərənin bir qüruru var. Qürurunuz olsun, pulumuzu qaytarın.

Necə olub bu adama general veriblər? Mövlam Şıxəliyev milyonlarla rüşvət alıb. Deyirdik, bu qədər pulun hardandır, deyirdi ki, küçədən tapmışam”.

Nizami Kazımov da Mövlam Şıxəliyevin yalan danışdığını deyib: “Bir anlıq fikirləşək ki, bu baş verənlərdən Mövlam Şıxəliyevin xəbəri olmayıb. MTN-in hər tərəfi kameradır. Bəs onda sumka-sumka gələn pulları niyə görməyiblər? Bizi tutmuşdular, cinayət törətmişdik. Bəs niyə buraxdılar?”


Mövlam Şıxəliyev bildirib ki, nazirdən hər hansı göstəriş almayıb. Hüseyn Səfərovun, həm də Nizami Kazımovun həbsdən azad edilməsi üçün qərarı istintaqa nəzarət edən prokurorluq verib: “Qərarları prokurorluq araşdırıb. Əgər qanuna zidd hərəkət olsaydı, prokurorluq müstəntiqin qərarını ləğv edərdi. Kiminsə həbsdən azad edilməsi mənim səlahiyyətlərimə aid olmayıb. Mən MTN-də təşkilatı işlərə baxmışam”.

Zərərçəkmişlər Mövlam Şıxəliyevin 5 milyon manatlıq bağ evinin olduğunu iddia ediblər. General da bunu təkzib etməyib. Bildirib ki, işindən əlavə, bizneslə məşğul olub və özünə mülk salıb. O, həmçinin bildirib ki, Vüsal Ələkbərov cinayət törətməyib.

Onun sözlərinə görə, Vüsal Ələkbərov “Meşə qardaşları”, “Sumqayıt camaatı”, “Sahil qardaşları”, casusuluq və dövlətə xəyanət edənlərin işinə baxıb və onların işini məhkəməyə göndərib: “Vüsal Ələkbərov əqidəli işçi olub. Heç vaxtda qanunsuzluğa yol verməyib. Nazirin də işini araşdırıb və məhkəməyə göndərib. Onu Namiq Abbasov isə götürüb”.

Hacı Zeynalov


Müəllif: