Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə olunub. Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi və araşdırılmasını istəyib.
Təqsirləndirilən şəxs və onun vəkili cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.
İş üzrə məhkəmə baxışı dekabrın 26-na təyin olunub.
Qeyd edək ki, Elvin Cəfərov haqda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Elvin Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib. İstintaqın əvvəlində ziyanı ödəməsi şərti ilə onun azadlıqda qalmasına şərait yaradılıb.
Amma o, Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi fürsətdən lazımınca istifadə etməyib. Bu səbəbdən barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Müttəhim Cəfərov bir müddət əvvəl 143 milyonluq cinayət işində mühakimə edilən zabitlərin məhkəməsində şahid qismində ifadə vermişdi. Bu dəfə o, yerini şahid kürsüsündən müttəhim kürsüsünə dəyişdirəcək.
İttiham edildiyi Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərsə, o, 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.