1 İyun 2017 12:15
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Əlibala Salahov və Sərdar Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Sumqayıt sakini polisə müraciət edərək 30-cu məhəllədə iki nəfər tanımadığı şəxsin ona məxsus içərisində pul, şəxsi sənədlər, ev və avtomobil açarı olan əl çantasını götürərək hadisə yerindən qaçdığını bildirib.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Əlibala Salahov və Sərdar Cavadov saxlanılıb.

Təqsirləndirilən Sərdar Cavadov istintaqa verdiyi ifadəsində törətdikləri soyğunçuluq cinayətinin təfərrüatını açıqlayıb: “Həmin şəxsi “Bazarstore” da izlədik. Əlində çanta var idi. Oradan çıxıb yola düzəldilər. Məhəllədə ona yaxınlaşaraq çantasını əlindən dartıb qaçdıq. İçində 100 manat, sənədlər və maşın açarı vardı. Sonra çantanın içinə daş doldurub dənizə atdıq”.

Sərdar Cavadov soyğunçuluq etmək təklifinin Əlibala Salahov tərəfindən verildiyini də qeyd edib.

Məhkəmə baxışı iyunun 5-ə təyin edilib.


Müəllif: Hacı Zeynalov