Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, polis şöbəsinə bir nəfər rayon sakininin külli miqdarda narkotik üçün müştəri axtarması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əməliyyat qrupu yaradılıb.
“Şərti alıcı” rayonun Bərgüşad kənd sakini Xanoğlan Abbasovla danışıqlara gedib və onda olan marixuananın kiloqramını 800 manata almağa, pulun bir hissəsini dərhal, qalanını isə bir gün sonra ödəyəcəyi barədə razılaşıb.
İyunun 14-də Xanoğlan Abbasov əvvəlcədən razılaşdıqları yerdə narkotik vasitəni satarkən polis əməkdaşları tərəfindən tutulub.
Şöbədə aparılan müvafiq araşdırmalarla Xanoğlan Abbasovun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Üzərinə baxış keçirilərkən narkotik vasitənin satışından əldə etdiyi 2000 manat da aşkar edilərək maddi sübut kimi götürülüb.
Ekspert rəyi ilə narkotik vasitənin ümumi çəkisi 4,5 kiloqram qurudulmuş marixuana olduğu müəyyən olunub.