16.54
Bakıda xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Pərviz Abbasov və Kənan Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Pərviz Abbasov son söz deyib.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə müşavirəyə yollanıb. Yaxın saatlarda hökm elan olunacaq.
Qeyd edək ki, prokuror Rüstəm Orucovun 6 il, digər iki təqsirləndirilən Kənan Vəliyev və Pərviz Abbasovun hər birinin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub.
Rüstəm Orucova əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaqda təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Hadisənin digər iştirakçıları Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib, onlar polis nəzarəti qətimkan tədbirindədirlər.
Müəyyən edilib ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.
Rüstəm Orucov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, Rüstəm Orucov Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən işləmiş general-mayor Novruzəli Orucovun oğludur. Novruzəli Orucov bu hadisədən sonra tutduğu vəzifədən azad edilib.
***
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən işləmiş general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucova və onunla birlikdə mühakimə olunanlara hökm oxunub.
Məhkəmənin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Pərviz Abbasov və Kənan Vəliyevin hər birinə 1 il 6 ay cəza kəsilib. Onlar məhkəmə zalında həbs ediliblər.