16 Fevral 2018 16:07
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Təbriz Dəmirov və qəzetin baş redaktor müavini Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, onlar 23 oktyabr 2014-cü il tarixdə, saat 15 radələrində Yevlax şəhər sakini Fəridə Əliyevaya (ad və soyad şərti verilib – red.) özlərini Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları kimi təqdim ediblər.

Daha sonra Fəridə Əliyvanın fahişəliklə məşğul olması və əxlaqsızlıq yuvası saxlaması barədə məlumatlar əldə etdiklərini, həmin rusvayçı məlumatları KİV-də işıqlandıraacqları ilə hədə-qorxu gəliblər.

Rüsvayçı məlumat yayacaqları hədəsi ilə Fəridə Əliyevadan 2000 manat pul tələb ediblər.

Baş redaktor və müavini həmin tarixdə Mingəçevir şəhəriində Fəridə Əliyevadan 1500 manat alıblar.

Bundan başqa, Təbriz Dəmirov müavini Cəlil Səmədov və “Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi və baş redaktoru olan Şahin Orucovla birlikdə 2015-ci ilin iyunun 14-də, saat 12 radələrində Sumqayıt şəhərində “Metallurq” kafesinin sahibi Vasif Quliyev və qardaşı Həsənqulu Quliyevə hədə-qorxu gəliblər.

Onlar Cəlil Səmədov tərəfindən aparılmış gizli videoçəkilişin görüntülərini kütləvi informasiya vasitələrində işıqlandırmaqla Həsənqulu Quliyev barəsində rüsvayedici məlumatları yayacaqları hədəsi ilə 5000 manat pul tələb ediblər. Ondan 1000 manat alıblar.

İyunun 17-də Şahin Orucov “Metallurq” kafesində ümumi razılaşma əsasında Həsənqulu Quliyevin daha 1000 manat pulunu ala bilib.

Zərərçəkmişin şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahin Orucovun üzərində şəxsi axtarış keçirilərkən həmin 1000 manat pul aşkar olunaraq götürülüb.

Təqsirləndirilən şəxslərə Cinayətm Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Cəlil Səmədov bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində “Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi və baş redaktoru olan Şahin Orucovla birlikdə mühakimə olunub.

Həmin dövrdə hakim Azad Məcidovun sədrliyi ilə araşdırma zamanı Cəlil Səmədov və Şahin Orucovun hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər. İstintaq dövründə zamində olduqlarından onlar məhkəmə zalındaca həbs edilib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə onların cəzaları şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun protestinə Ali Məhkəmədə baxan hakim heyəti qərar elan edib. Qərara görə, apelyasiya instansiyasının qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Məhkəmənin 29 sentyabr 2017-ci il tarixli qərarı ilə Cəlil Səmədov və Şahin Orucovun barəsində həbs qətimkan tədbiri seçilib, onlar məhkəmə zalından həbs edliblər.

Cəlil Səmədov və Şahin Orucov mühakimə olunan dövrdə Təbriz Dəmirov axtarışda olub. O, 2017-ci ildə həbs olunandan sonra Cəlil Səmədov ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Mayıl Bayramovun sədrliyi ilə yenidən mühakimə olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlil Səmədov 5 il, Təbriz Dəmirov isə 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar təyin edilmiş hökmün ləğv edilməsini, barələrində ədalətli qərar qəbul edilməsini istəyiblər.

Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Təbriz Dəmirovun barəsində olan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham hökmdən xaric edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Cəlil Səmədovun da barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib.

Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər