Bakıda dələduzluqda təqsirləndirilən Vəlixan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Vəlixan Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Vəlixan Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumudur. Bakı şəhəri kiçik özəlləşdirmənin təşkili şöbəsinin rəisi vəzifəsində işləyib. Uzun müddət hüquq-mühafizə orqanlarının axtarışında olub. Nəhayət, ötən il həbs edilib.
Qeyd edək ki, Fərhad Əliyev 2005-ci il oktyabrın 19-da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.
Onunla birlikdə qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də həbs olunub.
Korrupsiya cinayətlərində ittiham olunan Əliyev qardaşları 2007-ci ildə mühakinmə olunublar. Həmin ilin oktyabrın 25-də Fərhad Əliyev 10 il, Rafiq Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
14 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında Fərhad və Rafiq Əliyev qardaşları azadlığa buraxılıb.
Qeyd edək ki, Fərhad Əliyevin bibisi oğlu Rafəddin Əsgərov və sabiq nazirin digər qohumu Ramiz Əliyev onun cinayət işi ilə bağlı 2010-cu ildə Ukraynanın Odessa şəhərində həbs edilib.
Rafəddin Əsgərov Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə uzun müddət axtarışda olub.
Onun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb.
2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafəddin Əsgərov 11 il, sabiq Ramiz Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.