Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri - Rüfət Muradov və Qorxmaz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlatı dəqiqləşdirilib.
Təqsirləndirilən Rüfət Muradovu müdafiə etmək üçün dövlət hesabına vəkil təyin edilib. Lakin həmin müdafiəçinin məhkəmədə iştirak etmədiyi bəlli olub.
Rüfət Muradov bildirib ki, onun hüquqlarını müdafiə etmək üçün vəkil Asif Abdullayevlə yeni müqavilə bağlanılıb. Ancaq həmin vəkilin də məhkəməyə gəlmədiyi qeyd edilib.
Növbəti proses aprelin 24-də davam edəcək.
İttihama görə, Rüfət Muradovla Qorxmaz Vəliyev vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaitini tamah yolu ilə mənimsəyiblər. Hər iki təqsirləndirilən şəxs zərərçəkmişlərə qarşı ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçiriblər.
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.