17 May 13:29
2 963

Bakıda bankomatları yarmaqda təqsirli bilinən sabiq polis əməkdaşı Xəyal Rüstəmov, onun rəhbərlik etdiyi dəstənin üzvləri - Orxan Əhmədov, Rizvan Ağayev və Elməddin Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən Xəyal Rüstəmov Beylaqan rayon polis şöbəsinin əməkdaşı olub, o, Binəqədi rayonuna ezam edilib və burda çalışırmış.

Növbəti proses mayın 31-də davam edəcək.

İttihama görə, Orxan Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib və 40 min manat oğurlayıb.

Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun bu əməli tək törətmədiyi üzə çıxıb.

Bəlli olub ki, Orxan Əhmədova bankomatları yarmaqda Rizvan Ağayev, Xəyal Rüstəmov və Beyləqan rayon sakini olan Elməddin Zülfüqarov kömək edib.

Onların Xətai rayonu, Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlaması da üzə çıxıb.

Orxan Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda müxtəlif bankomatları hədəf seçiblər. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edib və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçiriblər.


Müəllif: Hacı Zeynalov
Загрузка...