Rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçi Azər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Daha sonra təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Onlar zərərçəkmişlərə vurulan ziyanı ödəyəcəklərini qeyd ediblər.
Daha sonra şahid qismində İlahə Müzəffərova ifadə verib.
O, təqsirləndirilən şəxslərdən Tərlan Bağırova və Aləmzər Əliyevaya bağçada işə düzəlmək üçün 1000 manat verdiyini deyib.
Zərərçəkmiş Rumiyə Qasımova Tərlan Bağırova ilə Aləmzər Əliyevaya işə düzəlmək üçün 3500 manat pul verdiyi söyləyib. Onun sözlərinə görə, bağçada bir ay işləyib, 500 manat əməkhaqqını ala bilməyib.
Növbəti proses noyabrın 19-da davam edəcək.
İttihama görə, Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyev rüşvət almaqda, dələduzluq etməkdə təqsirli bilinirlər.