Bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrində təqsirləndirilən Aydın Rüstəmov, Elvin Əliyev, İsa Məhərrəmzadə və digərlərinin şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesdə məhkəmə qərarı elan olunub.
Qərara görə, iş üzrə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb, digər təqsirləndirilənlərdən Yavər İsmayılzadənin cəzası 5 ilə, Aydın Rüstəmov, İsa Məhərrəmzadə, Alim Yusifovun cəzaları isə 2 ilə endirilib.
İttihama görə, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.İsmayılzadə 9 il, A.Rüstəmov 8 il, Elvin Əliyev 6 il müddətinə azadlıqdan məhrum ediliblər./trend/