11:02
Video əlavə olundu
Abşeron rayonunda dəhşətli qətl törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Məzahir Şıxməmmədovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, onun barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib. Bu iş üzrə yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu il martın 8-də Abşeron rayonu, “Gənclər Şəhərciyi” yaşayış kompleksindəki mənzillərin birində çarpayıda yanmış kişi meyiti aşkarlanıb.
Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Namiq Şıxməmmədovun sifət nahiyəsində sınıq xəsarətləri var.
Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu Məzahir Şıxməmmədovun törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub. Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhərində saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib.
Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb.
Məzahir Şıxməmmədov əmisi ilə aralarında münaqişə olduğunu deyib: “Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxardıb. Onun mənə qarşı hərəkətlərini bir dəfə keçmişəm, iki dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim. Əslində öldürmək planım olmayıb”.
Məzahir Şıxməmmədov əmisini ölümcül döydüyünü bildirib: “Əvvəlcə 5-6 yumruq vurdum. Sonra isə üzünə və başına butulka ilə zərbə endirdim. Mənzili yandırıb, oradan uzaqlaşdım”.
İstintaq orqanı tərəfindən Məzahir Şıxməmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.