7 Dekabr 2019 15:14
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda silahla qətl törətməkdə təqsirləndirilən İlqar Əliyev, Ülvi Hüseynov və Əli Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 19-na təyin olunub.

İttihama görə, bu ilin iyunun 24-də Nizami rayonunun Q.Qarayev prospektində yerləşən binalardan birinin qarşısındakı yaşıllıq sahəsində dülgərlik fəaliyyəti ilə məşğul olan Ucar rayon sakini Samir Hüseynovun odlu silahdan açılan atəşlə öldürülüb.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs - paytaxt sakini Əli Abdullayev, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan onlar tutularaq istintaqa cəlb ediliblər.

İstintaq hərəkətləri zamanı saxlanılanlar etirafedici ifadələr verib və qətl hadisəsində istifadə etdikləri “Glock” markalı tapançanın gizlədildiyi yeri göstəriblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov