Sumqayıt şəhərində 70 yaşlı kişini qətlə yetirməyə cəhd etməkdə ittiham olunan Əli Səlimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Samir Əliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin fevralın 1-də saat 23 radələrində 1950-ci il təvəllüdlü Qurban Səfərova çoxsaylı bədən xəsarətlərinin yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1959-cu il təvəllüdlü Əli Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baltanın küt hissəsi ilə baş nahiyyəsinə zərbələr endirməklə Qurban Səfərovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Əli Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq orqanı tərəfindən Əli Səlimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.