Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Tahir Tahirov, Elnur Tahirov, Cəmil Ələkbərov, Rahid Zamanov, Məhərrəm Alırzayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu ilin aprel ayında Xəzər rayonu ərazisində Beynəlxalq Banka məxsus bankomatdan oğurluğa cəhd göstərmiş Bilgəh qəsəbə sakinləri Məhərrəm Alırzayev, Elnur Tahirov və qardaşı Tahir tutulub.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların martın 26-da Qaz İstismar Sahəsinin otağından qapını sındırmaq yolu ilə “Modemis” MMC-yə və “Komtek LTD” MMC-nə məxsus “Paypoint” ödəniş aparatlarını və aprelin 19-da 4 saylı Qaz İstismarı Sahəsinin inzibati binasından pəncərədən girmək yolu ilə “Voys” şirkətinə məxsus “Paypoint” ödəniş terminalından 1592 manatı oğurlamaları, aprelin 25-də Binə qəsəbəsi Milli Aviasiya Akademiyasının qarşısındakı yeraltı keçiddə olan “Voys” şirkətinə məxsus “Paypoint” ödəniş terminalından isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib. Onların bu oğurluqdan digər şübhəli bilinən Rahid Zamanov, Cəmil Ələkbərovda şübhəli bilinərək həbs olunub.
Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Tahir Tahirov 10, Elnur Tahirov 9, Cəmil Ələkbərov 9, Rahid Zamanov 8, Məhərrəm Alırzayev 9 il azadlıqdan məhrum edilib.
Hacı Zeynalov