Bakıda 1973-cü il təvəllüdlü Elçin vəzifəli şəxsə rüşvət vermək adı ilə aldadaraq Ağa adlı şəxsin pulunu ələ keçirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Elçin tanışı Ağa ilə danışıqlar apararaq ona məxsus 12 sot torpaq sahəsinə çıxarış almaq məsələsini Dövlət Əmlakının Dövlət Reystr Xidmətinin əməkdaşları və “Ramiz” adlı vəzifəli şəxsə onun tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik edib, onun vasitəsilə məsələni həll edəcəyinə vəd verib.
Elçin 2022-ci ilin avqustun əvvəllərində Ağadan 50.000 manat məbləğində pulu Xətai rayonu, Xocalı prospektində, 2022-ci ilin avqustun sonlarında 50.000 manatı onun dostu vasitəsilə “Bakı Əyləncə Mərkəzi”nin yanında, sentyabrın əvvəllərində 160.000 manatı isə özündən alıb. Ümumilikdə zərərçəkmişə 244.000 manatlıq dələduzluq edib.
İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxslə tanış olub, ittihamda göstərilən məbləğin 200.000 manatını ondan Xırdalan ərazisində evlər tikib satmaq məqsədilə borc alıb, qalan 44.000 manatını isə zərərçəkmiş şəxsə məxsus torpaq sahəsinə çıxarış almaq məqsədilə alıb. Qeyd edib ki, işlər alınmadıqda isə hələ məhkəməyədək icraat mərhələsində aldığı bütün pulları sahibinə qaytarıb.
Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib. Həmin ifadədən məlum olub ki, əvvəllər “Asfarm” şirkətində ekspeditor vəzifəsində işləyib, lakin 2020-ci ildə şirkətdə olan ixtisarla əlaqədar olaraq işdən çıxarılıb və bundan sonra heç bir yerdə işləməyib: “2022-ci ilin avqustunda Anar adlı tanışım söhbətimdə Ağa adlı bir tanışının torpaq sahəsi olduğunu, onun həmin torpaq sahəsinə çıxarış almaq istədiyini bildirdi. Anara məni Ağa ilə danışmasını dedim. Çalışaraq həmin torpaq sahəsini sənələşdirmək üçün bir yol tapacağımı bildirdim. Belə də oldu. Ağa mənə zəng vurdu və görüşərək söhbət etməyi təklif elədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Ağa ilə ilk dəfə onun Xətai rayonu, Xocalı parkı yaxınlığında olan ofisində tanış olib: “Ağa torpaq sahəsinə çıxarış almaq lazım olduğunu dedi. Mən də bu işi həll edə biləcəyimi bildirdim. İşi həll etməyim üçün ilkin olaraq beh məbləği istədim. Ağa mənə 50.000 manat nağd pul verdi.
Bundan sonra 2022-ci ilin sentyabrın sonlarında ofisində 50.000 manat, bir müddət sonra, yəni, 2022-ci ilin sentyabrında həmin ofisdə daha 160.000 manat verdi. Bununla da Ağa torpağa çıxarış alınması üçün cəmi 260.000 manat pulu mənə çatdırdı”.
Elçin deyib ki, işi həll etmək üçün müxtəlif vasitələrə baş vurmağa çalışsa da, məsələni həll edə bilməyib. Bildirib ki, Ağadan aldığı 260.000 manatın 160.000 manatını tanımadığı yerdə, dəqiq xatırlamadığı vaxtda itirib: “Ağanın məndə 100.000 manat pulu qalıb. Məqsədim Ağadan aldığım pullarla həqiqətən ona məxsus torpağa çıxarış almaq olub. İşi həll edəcəyim təqdirdə, puldan 20.000-30.000 manat özümə qazanc qalacaqdı”.
Təqsirləndirilən şəxs bildirib ki, cinayət işinin ibtidai istintaqı zamanı da hər şeyi olduğu kimi etiraf edib: “Ağa ilə danışıqlarım zamanı işi Ramiz adlı şəxs vasutəsilə həll edəcəyimə dair heç bir söz deməmişəm. Ümumiyyətlə işin həlli üçün heç bir şəxsin adını hallandırmamışam. Kimisə rüşvət verməyə məcbur etməmişəm. Ağaya pulların hamısını qaytarmışam, ona heç bir borcum qalmayıb. Tutduğum əməldən peşman olmuşam”.
İş üzrə zərərçəkmiş Ağa ona vurulmuş 260.000 manat maddi zərərin 200.000 manatını təqsirləndirilən şəxsə borc olaraq verdiyini, Elçini uşaqlıqdan tanıdığını, onunla birlikdə güləşdiklərini, 200.000 manatı ona dost kimi verdiyini göstərib.
Amma Ağanın məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi tədqiq olunub. O, ibtidai istintaqa ifadəsində göstərib ki, 2021-ci ildə 12 sot torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında alıb, torpaq özəl olmasa da, torpaq sahəsindəki tikililərin çıxarışı olub: “Orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətindəydim. İlk öncə torpaq sahəsinə çıxarış əldə etmək qərarına gəldim, belə işləri görə biləcək adam axtardım. Dostlarla söhbət zamanı uşaqlıqdan tanıdığım Anar torpaq sahələrinə çıxarışların alınmasında kifayət qədər təcrübəsi olan Elçinin kömək edə biləcəyini dedi. Anardan məni Elçinlə tanış etməsini xahiş elədim”.
Ağa qeyd edib ki, 2022-ci ilin avqust ayının əvvəllərində Anarın vasitəsilə Elçinlə Xocalı prospektində yerləşən icarə əsasında işlədiyi ofisdə görüşüb: “Həmin vaxt Elçinlə Rövşən adlı dostu da gəlmişdi. Biz bir qədər tanışlıqdan sonra torpaq barəsində söhbət etdikdə Elçin Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifələrdə çalışan məmur tanışları olduğunu, həmin torpaq sahəsinə çıxarışın alınmasında mənə lazımi köməklik edəcəyini bildirdi.
Elçin görəcəyi işə görə ümumilikdə 850,000 manat xərcimin çıxacağını bildirdi. İlkin olaraq işə başlamaq üçün məndən 50,000 manat pul istədi. Dediyinə görə məndən istədiyi külli miqdarda pulu Əmlak Məsələləri Dövlət Xidmətində işləyən məmurlara verməklə məsələni həll edəcəkdi. Hətta Elçin yanımda öz mobil telefonu ilə kimlərləsə danışdı, Əmlak Məsələləri Dövlət Xidmətində işləyən məmur tanışları ilə torpaqla bağlı söhbətlər etdiyini bildirdi. Bu hərəkətləri ilə məni inandırmağa çalışdı.
Elçinin dediyinə görə, Əmlak Məsələləri Dövlət Xidmətində işləyən məmur tanışı və Nərimanov rayonunda yerləşən Dövlət torpaqlarının özəlləşdirilməsi idarəsinin rəis müavini vəzifəsində işləyən Ramiz adlı məmurun vasitəsilə torpağın özəlləşdirilməsi məsələsini həll edəcəkdi. Şərtlər məni qane etdiyindən onun ilkin olaraq istədiyi 50,000 manatı dostum Anarın və Elçinin yanında gələn Rövşənin iştirakı ilə ona verdim.
Həmçinin torpağa aid alqı-satqı müqaviləsinin və torpaq ərazisində olan tikililərə aid çıxarışların kserosurətlərini də Elçinə verdim. Elçin sənədləri və pulu aldıqdan sonra 45 gün müddətində torpağa çıxarış alacağına vəd verdi. Danışıqlarımıza əsasən, yerdə qalan pulları hissə-hissə Elçinə verəcəyimə razılaşdıq. İ
lk görüşdən təxminən 15 gün sonra Elçin mobil nömrədən mənimlə əlaqə saxladı, yenidən məndən 50,000 manat istədi. 50,000 manat pulu Anara verdim və həmin pulu Elçinə verməyi tapşırdım. Daha sonra Elçinlə əlaqə saxladıqda 50,000 manatı Anardan aldığını təsdiq etdi.
Beləliklə, Elçinə verdiyim pul ümumilikdə 100,000 manata çatdı”.
Zərərçəkmiş ifadəsinin davamında göstərib ki, axırıncı görüşdən təxminən 15 gün sonra Elçin onunla əlaqə saxlayıb, işlərin yolunda getdiyini bildirib və ondan yenidən 160,000 manat istəyib: “160,000 manatı ofisimdə işçimin yanında Elçinə verdim. Elçin şəxsən özü pulu sayaraq məndən təhvil aldı və işlərin artıq yekunlaşmaq üzrə olduğunu bildirdi. Ümumi məbləğin qalan hissəsini isə sənəd hazır olduqdan sonra Əmlak Məsələləri Dövlət Xidmətinə yaxınlaşaraq orada işləyən Ramiz adlı əməkdaşa verəcəyimi, torpağa aid çıxarışı alacağımı bildirdi.
Elçin hər dəfə məndən pul aldıqda, aldığı pulları tam şəkildə Əmlak Məsələləri Dövlət Xidmətində işləyən məmurlara verdiyini deyirdi. Lakin həmin şəxsin kimliyi barədə məlumat vermirdi”.
Zərərçəkmiş bildirib ki, Elçinin vəd verdiyi vaxt tamam olduqda Əmlak Məsələləri Dövlət Xidmətinə yaxınlaşıb və torpağın sənədi ilə maraqlanıb, torpaq sahəsinə aid heç bir sənəd mövcud olmadlığı ona məlum olub: “Elçinə zəng vurdum, o, müxtəlif bəhanələr gətirməyə başladı. Onun məni aldadaraq pulumu ələ keçirdiyini başa düşdüm. Bundan sonra aramızda problemlər yaranmağa başladı. Elçinə verdiyim pulları geri tələb etdim. O, yenə də pulların Əmlak Məsələləri Dövlət Xidmətində işləyən kimlərdəsə olduğunu və həmin şəxslərdən pulu alaraq qaytaracağına söz verdi”.
Zərərçəkmiş qeyd edib ki, 13 oktyabr 2022-ci ildə Elçinə zəng vurub və ofisə dəvət edib: “Onunla pulları nə vaxt qaytaracağı barədə söhbət etmək istədim. Elçin ofisə gəldikdən sonra məndən pulları geri qaytarması üçün vaxt istədi. Mən etiraz etmədim, lakin ondan bu barədə yazılı iltizam istədim. Odur ki, işçim Şahid və Elçinlə ümumi tanışı olan Oqtayın iştirakı ilə aramızda öhdəlik sözləşməsi bağlandı. Həmin kağızda Elçin 1 ay ərzində 260,000 manat pulu qaytaracağına öhdəlik götürdü.
Lakin Elçin müxtəlif tanışlar vasitəsilə mənə zənglər etdirərək pulları qaytarmasında ona müəyyən vaxt verməyimi, ondan şikayət etməməyimi xahiş elədi. 3-4 ay ərzində telefonla əlaqə saxlayaraq pulları xoşluqla geri almağa cəhd etsəm də, istəyimə nail ola bilmədim. Elçinin pulları geri qaytarmaq fikri olmadığını başa düşdüm. Odur ki, şikayət etmək qərarına gəldim”.
Zərərçəkmiş ifadəsinin yekununda göstərib ki, ibtidai istintaq mərhələsində dəymiş zərər tam ödənilib və təqsirləndirilən şəxs qarqşı heç bir şikayəti qalmayıb.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilib. O, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib. Buna səbəb məhkəmədə çıxış edən prokurorun rəqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan imtina etməsi olub.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Elçinə 2 il sınaq müddəti olmaqla 5 il 6 ay şərti cəza təyin edilib.