19 İyun 2015 12:17
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə yaşlı ər və arvadı qətlə yetirməkdə təqsirli bilinən Musa Əhmədov, Nicat Mustafayev və Pərviz Səlimovun cinayət işinə baxılıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin martın 1-də Göyçay şəhərində 1933-cü il təvəllüdlü Ağasəf Quliyevin və arvadı Afaqın üzərlərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə tapılıb. Polis və prokurorluq orqanları əməkdaşları cinayəti rayon sakinləri Musa Əhmədov, Nicat Mustafayev və Pərviz Səlimovun törətdiklərini müəyyən ediblər.

Dəstə üzvlərinin Quliyevlərin evinə tamah məqsədilə girmələri müəyyən edilib. Cinayəti törədən şəxslər Quliyevlərin evindən 6200 manat pul, 1000 manat dəyərində qızıl əşyası və iki ədəd telefon aparıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham olunublar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Musa Əhmədov və Nicat Mustafayev ömürlük, Pərviz Səlimov 15 il müddətinə azadlıqdan məhrum edilib. Onlar apelyasiya şikayəti versələr də, Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə şikayətləri təmin edilməyib. Həmçinin prokurorluğun Pərviz Səlimovun ömürlük cəza alması ilə bağlı protesti də təmin edilməyib.

Bundan sonra Baş Prokurorluq Pərviz Səlimovun cəzasının ağırlaşdırılması ilə Ali Məhkəməyə kasasiya şikayəti verib. Həmçinin təqsirləndirilən şəxslər də kasasiya şikayəti veriblər.

Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti üzrə qərar elan edilib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər