4 İyul 2015 23:07
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokurorluğun protesti təmin olunmadı, 52 yaşlı qadın həbsxanaya göndərildi, onun qızı isə azadlığa buraxıldı

Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan Lənkəran şəhər sakini, 1963-cü il təvəllüdlü Elnazə Dadaşova və Bakı sakini, 1990-cı il təvəllüdlü Şəlalə Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Elnazə Dadaşova qızı Şəlalə Dadaşova ilə birlikdə 15 mart 2014-cü il tarixdə İran vətəndaşı Fərəməz adlı şəxsdən 100,486 qram narkotik vasitə olan tiryək və 39,42 qram qurudulmuş marixuananı əldə ediblər. Elnazə qurudulmuş marixuananın 17,61 qramını uşaq bezinin içində, Şəlalə Dadaşova 100,486 qram tiryəki isə düz bağırsağında yerləşdirərək Azərbaycana keçmək istəyiblər. Onlar həmin gün saat 16.45-də Astara Gömrük İdarəsinin Sərnişin Şöbəsində gömrük nəzarətindən keçərkən tutulublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham olunublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnazə Dadaşova 5 il 6 ay, Şəlalə Dadaşova 5 il 23 gün müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmənin qərarı ilə Şəlalə Dadaşovanın cəzası 2008-ci ildə anadan olan Aminə Hümbətovanın 8 yaşı tamam olanadək təxirə salınıb. O, cəzasını 2016-cı il martın 14-də çəkməyə başlayacaq.

Şəlalə Dadaşova barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

“Dedi ki, ağrıları azaltmaq üçün mən də narkotik istifadə edirəm”

Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Təqsirləndirilən şəxslər də apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Elnazə Dadaşova elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, əvvəllər bir neçə dəfə İrana gedib: “Axırıncı dəfə martın 15-də xəstə olduğum üçün həkim müayinəsindən keçmək məqsədilə qızım Şəlalə ilə Ərdəbil şəhərinə getdik.

Gömrük sərhədini keçdikdən sonra orada taksi sürücüsü kimi tanıdığım Fərəməz adlı şəxslə qarşılaşdıq. Onun maşını ilə Ərdəbil şəhərinə yola düşdük. Müayinədən keçəndən sonra Fərəməz bizi İranın Cəlilabad şəhərində olan evinə apardı. Fərəməzin arvadı Sürəyyaya öz xəstəliyimi danışdım. Bildirdi ki, o da belə xəstədir və narkotik maddədən istifadə edir, ağrıları azalır. Sonra həmin qadına 8 manat verdim, ondan adını bilmədiyim narkotik maddəni götürdüm ki, istifadə edim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Fərəməz onlara Azərbaycana narkotik maddə keçirməyi təklif edib: “Lakin razılaşmadım, sonra necə oldusa, Fərəməz qızım Şəlaləni razı saldı. Fərəməz Şəlaləyə dedi ki, ona narkotik maddə verəcək, həmin narkotiki sərhəddən keçirsə, ona pul da çatacaq. Sonra bizə içində narkotik maddə olan üç bağlama verdilər.

Mənə verilən bağlamada nəşə, qızıma verilən bağlamada tiryək olub. Həmin gün axşam Fərəməz maşını ilə bizi Astara gömrüyünə gətirdi. Gömrükdə yoxlamadan keçərkən gömrükçü qız üstümüzdə qadağan olunmuş hər hansı əşya və ya maddə olub-olmaması ilə maraqlandı. Gömrük əməkdaşına bildirdik ki, üstümüzdə qadağan olunmuş heç nə yoxdur.

Sonra gömrükçü qız dedi ki, gəlin qəbul otağına, üstünüzdə nəsə olmalıdır. Məni və qızımı yoxlama otağına apardılar. Yoxlama zamanı əynimdəki paltarların altında olan bezin içərisində gizlətdiyim nəşə aşkar olundu. Qızımın da üstündən və düz bağırsağında gizlətdiyi narkotik maddə tapıldı.

Aşkarlanmış narkotik maddələrin çəkisini bilmirəm. Sərhədi keçdikdən sonra Astara şəhərində qızımda olan tiryəki kiməsə verməli imiş. Həmin şəxsin kimliyini bilməmişəm. Bu şəxs özü zəng edərək bizi tapacaqdı. Tiryəki alandan sonra həmin şəxs buna görə bizə 300 manat verəcəkdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, İrandan gətirdiyi nəşəni özü qəbul edəcəkmiş. Onun sözlərinə görə, əvvəllər marixuana qəbul etməyib: “Bədənimdə şiş var. Bakıda müalicə almışam, xeyri olmayıb. Sonra müalicə almaq üçün Ərdəbil şəhərinə getmişəm. Təzyiqim qalxarkən ağrılar da artır”.

Elnazə Dadaşovanın ifadəsinə görə, qızı Şəlaləyə tutula biləcəklərini deyib: “Qızım cavab verdi ki, ana, narkotiki paltarların içərisinə qoymuşam, görməyəcəklər, heç nə olmaz... Gömrükdə tutularkən dedim ki, bütün narkotikləri mənim adıma yazsınlar, qızım pis vəziyyətdədir, xəstədir, azyaşlı uşağı var, onu buraxsınlar. Ancaq sözümə baxmadılar”.

“Uşaqlarımız orda-burda qalmalı olub”

Elnazə Dadaşova ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib və əməlindən peşmançılıq çəkdiyini qeyd edib: “Ərim 2011-ci ildə rəhmətə gedib, indi özümün himayəmdə Əziz adlı 14 yaşlı bir oğlum var. Qızımın da heç kimi yoxdur, ərindən boşanandan sonra bir azyaşlı uşağı ilə tək qalır, həm də hamilədir. Tutulduqdan sonra özümün və qızım Şəlalənin azyaşlı uşaqlarımız əvvəl orda-burda qalırdı. İndi isə bu uşaqları digər qızım Xədicə saxlamaq məcburiyyətindədir. Xədicənin də öz ailəsi və uşaqları var. Bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş edirəm”.

Digər təqsirləndirilən Şəlalə Dadaşova da elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, İrana anasının xəstəliyi ilə bağlı getdiklərini, orada Fərəməz adlı şəxsdən narkotik aldıqlarını etiraf edib. İstintaq zamanı verdiyi ifadəsini təsdiqləyib və əməlindən peşman olduğunu deyib: “Anamda narkotik vasitə olub. Amma həmin narkotiki xəstəliyinə görə özü üçün alıb. Narkotikə görə veriləcək pula nə anamın, nə də özümün ehtiyacımız olmayıb. Aldanaraq belə hərəkət etmişik. İşin bu qədər dərinə gedəcəyini düşünməmişəm. Bir anlıq şeytana aldanaraq belə bir qorxulu iş görmüşəm”.

Şəlalə Dadaşova qeyd edib ki, himayəsində altı yaşlı bir qızı var, həm də hamilədir: “2009-cu ildə ərim Samirlə boşanmışam, keçmiş ərim başqası ilə evlənib. Hazırda onun harada yaşadığını bilmirəm. Törətdiyim cinayətə görə mənə cəza verilərkən himayəmdə bir azyaşlı qız uşağı və hamilə olmağımın nəzərə alınmasını xahiş edirəm”.

Daha sonra dövlət ittihamçısı Səyavuş Sadıqov apelyasiya protestini müdafiə edib. O, Şəlalə Dadaşovanın barəsində olan hökmün ləğv edilməsini və onun həbs edilməsini istəyib.

Şəlalə Dadaşovanın vəkili Faiq Atakişiyev də hökmlə razı olmadığını qeyd edib. O, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiq edilməsini istəyib.

Elnazə Dadaşovanın vəkili Elçin Qəmbərov da müdafiə etdiyi şəxsin barəsində hökmün ləğv edilməsini və həbs olmayan cəza növü ilə cəzalandırılmasını xahiş edib.

Tərəfləri dinləyən hakim heyəti apelyasiya şikayətlərini təmin etməyib.

Hacı Zeynalov


Müəllif: