Sumqayıt Apelyasiya Məhkəməsində 3 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən yol qəzasında təqsirli bilinən 1952-ci il təvəllüdlü Qurban Əliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Qurban Əliyev 2014-cü il martın 19-da baş verən ağır qəzanın törədilməsində təqsirli bilinib. Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Şamaxı rayonu ərazisində iki “Mersedes” markalı minik maşını və 90 RT 309 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı maşınlar toqquşub.
Hadisə nəticəsində Ağsu rayon sakinləri - 1958-ci il təvəllüdlü cümşüd Orucəliyev, onun iki oğlu - 1987-ci il təvəllüdlü Rafiq Orucəliyev, 1984-cü il təvəllüdlü Rasim Orucəliyev aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Cümşüd Orucəliyevin həyat yoldaşı 1955-ci il təvəllüdlü Hökumə Orucəliyeva və 2009-cu il təvəllüdlü nəvəsi Aytac Orucəliyeva, eləcə də Qəbələ rayon sakinləri - 1952-ci il təvəllüdlü Qurban Əliyev, 1941-ci il təvəllüdlü Əziz Əhmədov, 1985-ci il təvəllüdlü Leyla İmanova müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Istintaq araşdırması zamanı məlum olub ki, yol qəzasının törədilməsində günahkar “Mercedes-Benz E 200” minik markalı avtomobilin sürücüsü Qurban Əliyev olub. Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurban Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qurban Əliyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Apelyasiya şikayəti hakim İlham Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Qurban Əliyev ona verilmiş ittiham üzrə özünü təqsirli bilib: “19 mart 2014-cü il tarixdə oğlum Şəhriyara məxsus, etibarnamə əsasında idarə etdiyim “Mercedes-Benz E 200” markalı avtomobillə Bakı şəhərindən Qəbələ rayonuna getməyə yola düşmüşəm. Bakı-Şamaxı yolu ilə, üzü Şamaxı-Qəbələ rayonları istiqamətində hərəkət etmişəm. Həmin vaxt avtomobildə Əziz Əhmədov da olub. İdarə etdiyim avtomobillə saat 17.30-da Qobustan rayonu ərazisindən keçərkən Şamaxı rayonu istiqamətinə sürəti saatda 80-90 kilometr olmaqla hərəkət etmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 30 metr məsafədən ikinci zolaqda “Mercedes-Benz” markalı avtomobilin onun getdiyi yola girdiyini görüb və yerdəyişmə məcburiyyətində qalıb: “Az da olsa yerimi dəyişdim. Bu zaman “Mercedes-Benz” markalı avtomobil öz hərəkət zolağına keçməyə cəhd etdi. Lakin manevr alınmadı, avto maşın ləngər vurdu. Hətta mənə aid olan hərəkət zolağından sağ tərəfə, onun sol tərəfinə hərəkət etmişəm. Yaxın məsafədə olduğuma görə 3-4 metr qalmış “Mercedes-Benz” markalı avtomobilin öz hərəkət zolağına qəflətən çıxmaq istəyi baş tutmadı. Bu vəziyyətə görə idarə etdiyim avtomobillə qəza baş verdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, törətdiyi yol-nəqliyyat hadisəsinin ehtiyatsızlıq nəticəsində baş verib. Onun sözlərinə görə, , zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə edib, dəymiş maddi zərəri, o cümlədən dəfn xərclərini ödəyib. O, tutduğu əməlindən peşman olduğunu bildirib. Məhkəmədən yaşlı və xəstə olmasını nəzərə alınmasını, ona yüngül cəza verilməsini xahiş edib.
Təqsirləndirilən şəxsin vəkili Fazil Nəhmətov da müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəzanın verilməsini istəyib. Hakim kollegiyası sonda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edib.
Hacı Zeynalov