9 Dekabr 2015 14:11
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kafedə araq içməyin qadağan olduğunu bildirdi”

Bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Kürdəmir rayon sakini Rəsul Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Rəsul Mikayılov 4 iyun 2013-cü il tarixdə saat 23.00-da Kürdəmir şəhərindəki Bakı prospektində yerləşən “Ləziz dönər” kafesinin qarşısında Bəxtiyar Mehrəliyevlə şəxsi münasibətlər zəminində mübahisə edib. O, Bəxtiyarı idarə etdiyi “VAZ-2106" markalı avtomobilə oturdaraq Kürdəmir şəhərinə bitişik Atakişili kəndindəki yol idarəsinin qarşısına gətirib. Avtomobildən düşərək Bəxtiyarı əvvəlcə yumruqla, daha sonra özündə olan bıçaqla vurub. Yaralı vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatını xilas etmək mümkün olub.

Rəsul Mikayılov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rəsul Mikayılovun vəkili apelyasiya şikayəti verərək müdafiə etdiyi şəxs barəsində daha yüngül cəzanın təyin edilməsini istəyib. İş baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Məhkəmə zərərçəkmiş şəxs qismində ifadə verən Bəxtiyar Mehrəliyev bildirib ki, iyunun 4-də günorta evdə araq içib və həmin gün saat 16 radələrində tanışı İlham Qasımovla birlikdə Kürdəmir şəhəri “Saatlı dairə”nin yaxınlığındakı yeməkxanaya gedib: “Orada yemək yeyərək bir şüşə araq içdik. Saat 21 radələrində isə ”Dörd yol" deyilən dairənin yaxınlığında yerələşən “Ləziz dönər” kafesinə getdik. Orada dönər və ayran sifariş verdikdən sonra yaxın dükanların birindən araq aldım. Lakin kafeni işlədən Tural kafedə araq içməyin qadağan olunduğunu bildirdi".

Zərərçəkmişin sözlərinə görə, İlhamın bir neçə dəfə təkid etməsinə baxmayaraq, Tural kafedə araq içməyə icazə verməyib: “Bu zaman Tural stolun üstündəki qədəhləri götürdü və yeməkxananın bağlanacağını bildirdi. O, bizim kafedən getməyimizi istədi. Turalın bu hərəkətlərindən İlham əsəbləşdi, çölə çıxdıq. Kafenin qarşısında Turalla İlham yenidən mübahisə etməyə başladılar. Sərxoş olsam da, onları aralamaq istədim. Bu vaxt Rəsul Mikayılov oraya gəldi, İlhamla Turalı araladı. Bundan sonra Tural oradan getdi. Rəsul mənə yaxınlaşaraq avtomobilinə dəvət etdi və söhbət etmək istədiyini bildirdi.

Bəxtiyar Mehrəliyevin bildirdiyinə görə, Rəsulun kafenin qarşısında saxladığı “VAZ-2106" markalı avtomobilinə oturub və avtovağzal istiqamətinə gediblər: ”Avtomobilin içində olan zaman Rəsul dedi ki, bu nə hərəkətdir, içib camaatla mübahisə edirsiniz? Rəsul orada işləyən qadının onun qohumu olduğunu bildirdi. Belə danışmağına əsəbləşdim. Buna görə də ona sərt cavab qaytardım.

Rəsul avtomobili “Mollakənd dayanacağı”nın yaxınlığında saxladı və avtomobildən düşərək dalaşmağa başladıq. Sərxoş olduğuma görə çox şeyləri yadımda saxlamamışam. Lakin yadımdadır ki, biz bir-birimizi yumruqla vurmağa başlamışdıq.

Rəsulun yumruqları mənim gicgah nahiyəmdən, burnumdan və sol göz nahiyəmdən dəydi. Mübahisə zamanı yerə yıxılmışdım. Qalxdıqda Rəsul qarın nahiyəmdən vurdu, həmin yerdən qan axdığını gördüm. Hadisə yeri qaranlıq olduğundan Rəsulun əlində nə olduğunu görə bilməmişəm. Amma həmin gün Rəsuldan başqa heç kimlə dalaşmamışam və heç kim məni vurmayıb. Rəsulla dalaşana qədər bədənimdə heç bir bıçaq xəsarəti olmayıb. Rəsul məni əli ilə vurduqdan sonra bildim ki, onun əlində hansısa bir alət olub. Bu hadisə baş verəndən sonra Rəsul məndən aralandı və avtomobili ilə hadisə yerindən uzaqlaşdı. Özüm isə bir taksiyə minərək xəstəxanaya getdim".

Bəxtiyar Mehrəliyev ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayəti olmadığını bildirib.

Rəsul Mikayılovun vəkili Ulduzə Əhmədova bildirib ki, müdafiə etdiyi şəxs barəsində olan hökmlə ona təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyil. Vəkil qeyd edib ki, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsaslar var.

Ulduzə Əhmədova Rəsul Mikayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edilməsini xahiş edib: “Rəsul Mikayılovun uzun müddət azadlıqdan məhrum edilməsi onun ailə üzvlərinə əlavə məhrumiyyətlər gətirir. Bu da cəzanın məqsədinə müvafiq deyil. Rəsul Mikayılov yaşayış yeri üzrə müsbət xarakterizə olunur, əməlindən peşmandır. O, cinayət əməlini səmimi etiraf edir, əvvəllər məhkum olunsa da, cəzadan azad edilməklə məhkumluğu ödənilib”.

Vəkilin sözlərinə görə, stasionar məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Rəsul Mikayılovda “şəxsiyyətin emosional, davamsız pozuntusu çoxsaylı özünü kəsmələr” şəklində anlaqlığı istisna etməyən psixi pozuntu olub: “Bunun üçün Rəsul Mikayılov ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam həcmdə dərk etmək iqtidarında olmayıb. O, Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür”.

Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif: