18 Yanvar 2016 10:19
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda azyaşlı qızı satmaqda təqsirli bilinən Dadixa Elman vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərardan Baş Prokurorluğun verdiyi apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Dadixa Elmanın azadlığa buraxılması üçün Nizami Rayon Məhkəməsi qərar verib. Dadixa Elman Yadulla oğlunun cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi məhkəmə tərəfindən təmin edilib.

Məhkəmənin qərarından narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən Dadixa Elmanın həbs edilməsini istəyib.

Bildirilib ki, Dadixa Elman 2010-cu ildə məhkum olunub və cəzasının çəkilməmiş 3 ili qalıb. Prokurorluq onun həbs edilməsini və qalan hissəsini də həbsxanada çəkməsi barədə qərar qəbul edilməsini istəyib. Prokurorluğun protesti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti araşdırılıb və sonda qərar elan edilib. Qərara görə, Nizami Rayon Məhkəməsinin çıxardığı qərar ləğv edilib və Dadixa Elman yenidən cəza çəkdiyi həbsxanaya qaytarılıb.

İttihama görə, 2009-cu il iyunun 6-da təqsirləndirilənlər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir Yolu Stansiyasının ərazisində Zülfiyyə Hüseynovanın 7 aylıq qızını 6400 manata satarkən tutulublar. Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 144-1.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində insan alveri etmək) və 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri etmək) maddələri ilə ittiham olunublar.

Xatırladaq ki, Zülfiyyə Hüseynova əfv sərəncamı ilə dekabrın 29-da 4 saylı cəza çəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Dadixa Elman 8 il, Fruhidə İlham 8 il 6 ay və Zülfiyyə Hüseynova 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət işi üzrə təqsirləndirilən Fruhidə İlham da vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət edib. Onun məhkəməyə göndərdiyi ərizə təmin edilməyib.

Məhkəmənin qərarından Fruhidə İlham apelyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrliyi ilə baxılıb. Onun apelyasiya şikayəti də təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: