29 Yanvar 2016 11:25
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radikal dini cərəyanı təbliğ etdiyi üçün həbs edilən və qanunsuz silah saxlamaqda ittiham olunan Tərtər rayon sakini, 1995-ci il təvəllüdlü Şəmsəddin Abdullazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Şəmsəddin Abdullazadə istintaqa məlum olmayan mənbədən 5,45 mm kalibrli 30 ədəd "AK-74", "AKS-74", "AKS-74U" konstruksiyalı avtomatik, "RPK-74" və sair uyğun kalibrli odlu döyüş silahlarını əldə edib. Həmçinin o, xeyli sayda qumbara da tapıb.

Şəmsəddin Abdullazadə əldə etdiyi silah-sursatı yaşadığı Tərtər şəhərində saxlayıb. Daxil olmuş məlumat əsasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Tərtər rayon polis şöbəsi əməkdaşları birgə əməliyyat keçirib. Şəmsəddin Abdullazadə 10 mart 2015-ci il tarixdə evinin qarşısında saxlanılıb.

Şəmsəddin Abdullazadə Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham edilib. Cinayət işi Tərtər Rayon Məhkəməsinə göndərilib.

"Çaydan torba tapdım"

Məhkəmədə ifadə verən Şəmsəddin Abdullazadə bildirib ki, martın 8-də, axşam saatlarında Bərdə şəhərindən Tərtərə gəlib. Tərtərin girəcəyində yerləşən "Nicat" körpüsünün yaxınlığında, yol kənarında evə getmək üçün maşın gözləyib: "Tərtər çayının qırağında yerdə sellofan torba gördüm. Bir qədər maraqlı olduğundan yaxınlaşaraq həmin sellofan torbanı əlimə götürdüm, içində nə isə ağır əşyaların olduğunu hiss etdim. Torbada döyüş sursatları, kitab və disk vardı. Kənardan görən olacağını düşünüb torbanı bağladım".

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt markasını və nömrəsini dəqiq xatırlamadığı yol taksisi saxlayıb və taksiyə minərək evə gedib: "Evə çatdıqda otağıma keçdim. Orada təklikdə torbanın içərisinə baxdım. Orada 30 ədəd avtomat patronu, alışdırıcıları ilə birlikdə 3 ədəd qumbara gövdəsi, bir ədəd partlayıcı qurğu, 2 ədəd dini kitab və 1 ədəd "CD" diskin olduğunu gördüm. Diskə baxmağı çatdırmadım. Döyüş sursatı və digər əşyaları eyni sellofan torbaya yerləşdirdim və otağın sol küncündə əşyaların arasında gizlətdim. Bu barədə evdəkilərə heç nə demədim".

"Evimə baxış keçirilməsinə etiraz etmədim"

Şəmsəddin Abdullazadə qeyd edib ki, martın 9-da ailə qurduğu Aysel Vəlizadənin "Sahil" şadlıq sarayında qız toyu olub. Onun sözlərinə görə, əvvəl həmin döyüş sursatını ovda istifadə etmək məqsədilə özündə saxlayıb, lakin toy gününün axşamı məclis dağılışaraq evə qayıtdıqdan sonra silah- sursatı polis şöbəsinə təqdim etmək barədə fikirləşib: "Növbəti gün, yəni martın 10-da, səhər saat 06.35-də yaşadığım evdən küçəyə çıxaraq təmiz havada durdum. Bir neçə dəqiqə sonra tanımadığım bir neçə nəfər mülki geyimdə olan şəxs mənə yaxınlaşdı və xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirdilər.

Üstümdə və yaşadığım evdə qanunsuz olaraq partlayıcı maddə və döyüş sursatı saxlamağım barədə məlumat daxil olduğunu bildirdilər. Onlar məni əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etdilər. Üstümə, eləcə də yaşadığım evə baxış keçirilməsinin zəruri olduğunu bildirdilər. Etiraz etmədim".

Şəmsəddin Abdullazadənin sözlərinə görə, polis əməkdaşları ona hal şahidlərini təqdim edib, hal şahidlərinin iştirakı ilə üstünü yoxlayıblar: "Lakin baxış zamanı məndən heç bir qanunsuz əşya tapılmadı. Polislər yaşadığım evə də baxış keçirilməsinin zəruri olduğunu bildirdilər, razılığımı istədilər. Buna da etiraz etmədim. Bu barədə ərizə yazdım və şifahi olaraq polis əməkdaşlarına yaşadığım evdə partlayıcı maddə və döyüş sursatının olduğunu dedim, həmin əşya və predmetləri onlara təqdim edəcəyimi bildirdim. Polis əməkdaşları yaşadığım evə keçdilər. Saat 07.05-dən etibarən evimə baxış keçirməyə başladılar".

Təqsirləndirilən şəxs qeyd edib ki, evdə axtarış aparılıb və çayın kənarından tapdığı silah-sursat götürülüb. Həmçinin torbanın içərisindən dini məzmunlu 2 kitab və 1 "CD" diski aşkar edilib: "Aşkarlanmış əşyalar hal şahidlərinin iştirakları ilə iki ayrı-ayrı bağlamalarda polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürləndi. Polislər axtarışda üzə çıxmış əşya və predmetlər barədə məni sorğu-sual etdilər. Tapılanların özümə məxsus olduğunu və qeyd edilən əşya, kitab və diski Tərtər çayının kənarından təxminən həbs olunmamışdan 2 gün əvvəl tapdığımı və evə gətirdiyimi bildirdim.

Döyüş sursatı və partlayıcı qurğunu ovda və ya şəxsi mühafizəmdə istifadə etmək, kitabları isə oxumaq məqsədilə evimdə saxladığımı qeyd etdim. Evin digər otaqlarına da baxış keçirildi və daha qeyri-qanuni heç nə aşkar olunmadı".

Məhkəmənin hökmü ilə Şəmsəddin Abdullazadə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Şəmsəddin Abdullazadə apelyasiya şikayəti, həmçinin Şəmsəddin Abdullazadənin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluq apelyasiya protesti verib. Hər iki şikayət baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayəti hakim Elşad Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prokurordan ağır cəza tələbi

Prosesdə çıxış edən dövlət ittihamçısı Qalib Rizvanov bildirib ki, Tərtər Rayon Məhkəməsinin Şəmsəddin Abdullazadə barəsində hökmü dəyişdirilməlidir. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır: "Şəmsəddin Abdullazadənin törətdiyi cinayət əməli üzrə qəsdin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir, əməl təqsirin formasına görə birbaşa qəsdlə törədilmiş və az ağır cinayətlər kateqoriyasına aiddir.

Digər tərəfdən Şəmsəddin Abdullazadənin saxladığı və gəzdirdiyi istifadəyə yararlı silah-sursatın evdə saxlanılması əməlin ictimai təhlükəliliyinə dəlalət edən hallardır. Lakin məhkəmə cəza təyin edərkən cinayətin qeyd olunan xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə almayıb".

Dövlət ittihamçısı qeyd edib ki, Şəmsəddin Abdullazadə silah-sursatı Tərtər çayının kənarından tapması və həmin döyüş sursatlarını polisə təhvil vermək məqsədi ilə evində saxlaması barədə verdiyi ifadəsi qeyri-səmimi olub. Dövlət ittihamçısı əlavə edib ki, Şəmsəddin Abdullazadə silah-sursatın hansı mənbədən əldə etməsini gizlədib.

Dövlət ittihamçısı çıxışının sonunda təqsirləndirilən şəxsin daha ağır cəza ilə məhkum edilməsini istəyib.
Şəmsəddin Abdullazadənin vəkili Rəşad Babayev bildirib ki, müdafiə etdiyi şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi əsasında şərti cəza təyin olunmalıdır. Vəkil əlavə edib ki, Şəmsəddin Abdullazadə ilk dəfədir az ağır cinayət əməli törədib və ailə vəziyyəti ağırdır.

Vəkilin fikrincə, onun ailə tərkibi 2 nəfərdən - anası və özündən ibarətdir, gəncdir: "Şəmsəddin Abdullazadə yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunub. Ona görə də hökm dəyişdirilib barəsində şərti cəza təyin edilməsi daha ədalətli olar".

Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin, həmçinin apelyasiya protestinin təmin edilməməsi barədə qərara elan edib.

Qeyd edək ki, həbs olunan zaman mətbuatın yazdığına görə, Şəmsəddin Abdullazadə ilə birlikdə Tərtər rayonunda daha 3 nəfər - Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev və Vüqar Əliyev saxlanılıblar. Adıçəkilən hər üç şəxsin cinayət işi ayrıca icraata götürülüb.

Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev və Vüqar Əliyev radikal dini təbliğatla məşğul olublar. Onlar rayon ərazisində yetkinlik yaşına çatmayan və ya çatan, həmçinin gənclər arasında təbliğat xarakterli məlumatlar yayıblar, onları Suriyada gedən döyüşlərə qoşulmağı təklif ediblər.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, dəstə üzvləri Tərtərdə valideynlərdən birinin şikayəti əsasında keçirilən əməliyyat nəticəsində həbs olunublar.

Hacı Zeynalov


Müəllif: