11 İyun 2014 17:00
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nərimanov rayon Məhkəməsində saxta pul dövriyyəsi ilə məşğul olan Ağdam rayon sakini Sadiq Yusibov və Hacıqabul rayon sakini Raqil Şirəliyevin məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxsləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 manatlıq, 4 ədəd 10 manatlıq, Hacıqabul rayon sakini Raqil Şirəliyevdən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq saxta əsginaslar götürülüb.

Həmçinin Raqil Şirəliyevin idarə etdiyi “Kia-Rio” markalı avtomobilə baxış zamanı oradan 4 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq saxta əsginaslar aşkar edilib.

Şirvan şəhərinin ərazisində Raqil Şirəliyevin icarəyə götürdüyü “Foto Uğur” studiyasına baxış zamanı isə saxta əsginasların çap edildiyi skaner-printer, video-çəkiliş qeydlərinin aparıldığı “DVR” sistem bloku aşkar edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilir.

Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iyunun 17-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif: