28 Noyabr 2016 13:39
3 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dəfə bərk darıxırdım. Axşam da möhkəm vurmuşdum. Paxmel əzabları içində ürəyim elə döyünürdü, elə bil içimə it bağlamışdılar. Ümidsizlik sanki, canımın 20 faizini işğal etmişdi. Yerdə qalan azad, müstəqil 80 faiz isə elə bir vəziyyətdəydi ki, işğal olsaydı, ondan yaxşıydı.

Başımı aşağı salıb Sahil metrosu tərəf gedirdim. Yazıçılar Birliyinin qabağındakı parkda qəfil Azad Qaradərəli qabağıma çıxdı. Heç bir tənhalıq cəzasız qalmır. Axşamkı içkinin dəmi başımda qalmışdı. Bir az da həyasızlığıma salıb Azada bir sual verdim:

– Heç çox danışdığınıza görə sizə irad bildirən olubmu?

Sual verən kimi Azad biləyimdən tutub məni skamyada oturtdu. Özü də yanımda oturub danışmağa başladı. Biz onunla oturanda günorta idi. Bir də baxdım artıq metronun bağlanma vaxtıdı. Tez ayağa durub birtəhər Azadın əlindən çıxıb metroya tərəf yüyürdüm. O da arxamca qaçmağa başladı. Baxdım ki, pencəyimin arxası bunun əlinə keçdi.

Metroya kimi arxamca gəldi. Qaçdım girdim vaqona. Gördüm Azad özünü mənim vaqonuma çatdıra bilmədi. Öz-özünə danışa-danışa qonşu vaqona mindi. Ordan şüşənin arxasında danışmağını davam eləyirdi, əliylə nəsə başa salmağa çalışırdı, ancaq nə dediyini eşitmirdim.

Azad vaqoondan vaqona məni qovurdu. Qatar stansiyada dayanan kimi qaçıb mənim vaqonuma mindi və izahını davam eləməyə başladı. Mən növbəti stansiyada qapı bağlanhabağlanda qəfil qaçıb qonşu vaqona girdim. Tez qapılar bağlandı, Azad çatdıra bilmədi, stansiyada qaldı.

O, yenə də danışırdı... Axırda polis Azad müəllimdən şübhələnməyə başladı. Elə bildilər manyakdı, məni izləyir. Qolunu burub şöbəyə apardılar. O gündən bəri həmişə yuxumu qarışdırıram. Görürəm ki, qalınqaşlı bir kişi arxamca elə hey məni qovur


Müəllif: Kəramət Böyükçöl