22 Aprel 2017 14:45
2 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbula yerləşdikdən sonra məndən bir istəyi oldu: Rahşan Əcəvitdən müsahibə almaq.

Qəribədir ki, onun bu arzusundan çox keçməmiş ötən ilin noyabr ayında TÜYAP kitab sərgisində Rahşan Əcəviti gördüm. Əcəvit adına olan vəqfin çap etdiyi Əcəvitə aid kitabları oxucular üçün imzalayırdı. Rahşan xanımdan imzalı kitabı alıb, foto çəkdirməyin qürurunu yaşadıqdan sonra köməkçisinə yaxınlaşdım, müsahibə almağım üçün şərait yaratmasını istədim.

Köməkçi Rahşan xanımın yaşından dolayı çətinlik çəkdiyini, həm də axşama qədər oxuculara kitab imzalayacığını dedi. Geri çəkilmədim. Bir saata yaxın vəqfin stendinin yanında dayanıb oxucuların azalmasını gözlədim. Amma olmadı. Rahşan xanımın kitab imzalamadığı bir dəqiqəsi belə olmadı. Mərhum baş nazirin kitabına olan maraq, xanımına olan sevgi və ehtiram mənə fürsət yaratmadı.

Dünən ev arxadaşım türk müəllimlə Türkiyədəki birinci xanımlar və baş nazirlərin xanımları haqqında danışarkən maraqlı cümlə işlətdi: "Rahşanı bunlardan ayırmalısan. Əgər Türkiyə bir krallıq olsaydı, kraliça olacaq yeganə qadın idi. Yəni gerçək əsilzadə idi".

Sərgidə Rahşan xanıma olan bu diqqəti və dostumun bu sözlərindən sonra Mövludun bu istəyinin böyüklüyünü bir daha anladım. Təəssüf ki, həmin gün müsahibə alınmadı, sərgi ilə bağlı yazdığım yazını Mövluda ithaf etdim.

Ümidim var ki, ilk fürsətdəcə bu müsahibə gerçəkləşəcək, Mövluda verdiyim sözü yerinə yetirəcəyəm.

***

Bu gün Feysbuk maraqlı bir xatirəni yadıma saldı. İki il bundan öncə dostum Yusif İlhamoğlu ilə Mövludu qatarda kitab oxuyarkən görüb, xəbər etmədən fotosunu çəkmişdik. Sonra fotonu Feysbukda yayımlayıb Mövludun hansı kitabı oxuduğunu tapana 15 kitab hədiyyə edəcəyimi bildirmişdim. Əmin idim ki, heç kim tapmayacaq.

Çünki 2015-ci ildə Bakıda bir vaqonda "Manas" dastanını ancaq Mövlud kimi türk tarixinə, ədəbiyyatına, keçmişinə marağı olan gənc oxuya bilərdi. Hətta bir dəfə məndən Kramerin "Tarix Şumerdən başlayır" kitabını də soruşmuşdu. 1939-cu ildə çap olunmuş latın qrafikalı "Kitabi-Dədə Qorqud" dastanını da mənə hədiyyə etmişdi. Köhnə latın qrafikalı kitablar yığdığımı bilirdi, Emil Zolyanın bir kitabını da tezliklə verəcəyini demişdi.

Oxumağa kitab istəməyi də özünəməxsus idi.

Feysbukda bir dəfə yazmışdı: "Ənvər müəllim yuxuma girmişdi, deyir Dilqəmdə mənim tərcümə elədiyim "Anna Karenina" olmalıdır".

Və ya həmişə yazardı: "Arxivinə bax, tarixə, türklüyə aid nə varsa, sayta qoyaq".

***

... Ölüm qədər ölüm xəbərini almaq da çox acı bir şeydir. Yuxudan yeni oyanmışdım ki, Yusif İlhamoğlu zəng etdi ki, "Kulis"dəki manşetdən xəbərin varmı, sizin redaksiyadan soruş gör, doğrudurmu? Öncə "Kulis"in manşetinə baxdım, ardınca redaksiyamızın əməkdaşlarına yazdım. Təəssüf ki, xəbəri doğruladılar...

Ölümü uzaqda olarkən eşitmək duyğusu da çox pis imiş. Nə edəcəyimi bilmədim, burada yaşayan həmkarımız Elçin Aslangilə zəng edib dərdləşdim.

***

Yazını yazmağa başlayarkən Mövludu ilk dəfə harada gördüyümü fikirləşdim. Taleh Şahsuvarlı Axar.az saytını təsis edərkən "525-ci" qəzetin redaksiyasında otaq tutmuşdu. İşdən sonra həmin ofisə gedib-gəlirdim. Həmin vaxt o redaksiyada bir çox sayt fəaliyyət göstərirdi. Yaddaşım məni yanıltmırsa, Mövludu həyatda ilk dəfə orada tanımışdım. Daha sonra kitab təqdimatlarında, sərgilərdə görmüşdüm, amma yaxın tanışlığımız yox idi. Çünki Azərbaycanda yazıçı, jurnalist mühitinin bəlli çevrələri olur, eyni yerdə işləmədinsə, görüşmək imkanı tez-tez olmur.

Nəhayət, daha yaxından tanış olmaq imkanı ələ düşdü. Taleh Şahsuvarlı "Gündəlik Teleqraf" qəzetinə şef-redaktor təyin ediləndə, mənə siyasət şöbəsinin redaktorluğu verildi. Humanitar şöbəyə isə Taleh bəy Mövlud Mövludu gətirəcəyini söylədi.

Xatırlayıram, bir kafedə görüşdük, qəzetin fəaliyyəti ilə bağlı xeyli müzakirə apardıq.

Beləcə, bir neçə il Mövludla eyni otaqda bir qəzetdə fəaliyətə davam etdik.

Burada Mövludun maraqlı xarakterini kəşf etdim. Əgər redaksiyanın içində güləriz, şən, zarafatcıl Mövlud var idisə, masasının arxasına keçdikdə tamamilə ciddi, aşırı məsuliyyətli bir şəxsə çevrilirdi, humanitar səhifədə onun sayəsində hər gün daha da maraqlı yazılar çap olunurdu. Redaktorluqla bərabər hər gün özü də yazı yazırdı.

(Yeri gəlmişkən, qəzet rəhbərliyindən bu yazıların toplanılıb çap olunmasını da rica edirəm).

Taleh Şahsuvarlı ona örnək götürməli olduğu şəxsi də tapmışdı: Doğan Hızlan.

Türkiyənin bir nömrəli qəzeti olan "Hürriyyət"in kültür, sənət, ədəbiyyat işlərindən sorumlu olan Doğan Hızlan həqiqətən örnək götürüləsi bir şəxsiyyət idi.

Daha sonra Mövlud redaksiya daxilində başqa bir vəzifəyə təyin edildi. Ən son isə Teleqraf.com portalında redaktor olaraq çalışırdı.

***

XAN nəşriyyatından 10-a yaxın xatirə ədəbiyyatı kitabının redaktoru olduğum üçün xatirələrin necə əhəmiyyətli olduğunu bilirəm. Təəssüf ki, indiki dövrdə həyat o qədər sürətli, münasibətlər o qədər geniş olur ki, detallar anındaca unudulur. Həm də gənc bir dostunun bir gün olmayacağını təsəvvür etmədiyin üçün xatirələri qeyd etməyi lüzum bilmirsən. İndiki çətin həyatda isə yaddaş ən son güvəniləcək yerdir.

Sentyabrdan etibarən İstanbula köçdüyüm üçün Mövludla ancaq Feysbuk üzərindən danışdıq. Sayt üçün kənardan daha yaxşı çalışdığımı yazırdı. Tez-tez də deyirdi ki, redaktorluq bizim işimiz deyil, yaxşı yazılar yazmağımıza mane olur. Ən son İstanbula köçmək istədiyini yazmışdı. Soruşmuşdu ki, yoldaşımla İstanbula gəlsək, ikimiz də təqaüd alsaq, yazılar yazmağa davam etsək, orada yaşaya bilərikmi. Mən də daimi yaşamaqdan öncə məzuniyyətə gəlmələrini, buradakı həyatla tanış olub, sonra qərar vermələrini demişdim.

Məndən soruşduğu ən son sual da elə təqaüdlə bağlı olmuşdu: "Burs işində bizə kim kömək edə bilər və burs üçün Qaradənizi seçə bilərikmi?".

Təəssüf ki, özüm çox axtarsam da, heç bir təqaüd tapa bilmədiyimə görə, Mövludun bu suallarına cavab vermək çətin idi. Sadəcə, ümumi prosesi izah edə bildim.
Kaş ki, kömək edə bilsəydim... Alın yazısına fərqli yanaşan biri kimi, İstanbula köçə bilsəydi, həyatının başqa axarda gedəcəyinə əmin idim.


Müəllif: Dilqəm Əhməd