23 Sentyabr 2018 19:09
1 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbiyyatşünas, tənqidçi İradə Musayevə sosial şəbəkədə çölümüzdəki boş otaqlarla bağlı bir paylaşım etdi.

Yazdı ki, “əgər AYB öz kimsəsiz, boş və kədər içində köhnəlməkdə olan otaqlarından birini mənə ayırsa, yaxşı qonorar versə, hər həftə Azərbaycan və dünya ədəbiyyatının müzakirəyə ehtiyacı olan əsərləri, ədəbi-estetik cərəyanları, ədəbi simaları haqqında mühazirə oxuyar, alim və yazar əhlinin iştirakı ilə müzakirələr keçirib mətni də nəşr etdirərik. Canlı, intellektual, siyasətdən və cinayətdən uzaq bir ədəbi prosesə başlayarıq!”.

İradə xanımın statusunda iki mühüm məsələ var: müxtəlif ictimai və dövlət qurumlarında qalan kimsəsiz, istifadə edilməyən boş otaqlar və ziyalının mühazirəsi qarşılığında ödənilən qonorar.

Birinci mühüm məsələ ilə bağlı bir neçə gün öncə konfliktoloq Əvəz Həsənov da belə bir paylaşım etmişdi: “Şuşa icra hakimiyyətinin və DQ Azərbaycan İcmasının 3 mərtəbəli gözəl binası var. Dünən oradan keçəndə baxıram ki, binanın 2 və 3-cü mərtəbələrinin pəncərələri tozdan görsənmir. Məntiq budur: Onlara bu boyda bina çox böyükdür. İcma və icra heç işləmir...”.

Demək ki, ölkədə həqiqətən istifadə edilməyən və gözdən çıxarılmış otaqlar var və bunları müxtəlif şəkildə istifadə etmək mümkündür.

Adətən, gənclər tədbir keçirəndə dost-tanış olmadığı təqdirdə ən azı 50-100 manata bir salon kirayələməli olurlar. Halbuki, indiki dönəmdə bu, çox məbləğdir və ictimai aktiv gəncləri həvəsdən salacaq durumdur. Və ya baxırsan ki, feysbukda kimsə 3 aylığa bir layihəsini həyata keçirmək üçün pulsuz kiçik ofis axtarışındadır.

Şəxsən mənim özümə də dəfələrlə tədbir keçirmək, mühazirə təşkil etmək üçün otaq lazım olub, amma ödənişsiz şəkildə tapa bilməmişəm.

Buna görə də mən İradə xanımın çağırışına qoşulub ictimai təşkilatların, dövlət qurumlarının boş qalan otaqlarının ümumi istifadəyə verilməsini tələb edirəm. Həmin otaqlar gənclər təşkilatlarının, yazıçıların, fəal şəxslərin istifadəsinə verilsin. Kim bilir həmin otaqlarda nə yeni ideyalar doğacaq, nə yeniliklər əldə ediləcək.

İradə xanımın statusundakı ikinci məsələ də önəmlidir. Bizim ölkədə hələ də çoxları qəbul etmək istəmir ki, bir ədəbiyyatşünas alim, tarixçi, siyasətçi mühazirə deyirsə, bu, onun ortaya qoyduğu intellektual məhsuldur və mütləq şəkildə qarşılığı ödənilməlidir. Sadə dillə desək, bir alimin mühazirəyə hazırlaşması, mühazirə deməsi, sərf etdiyi vaxt onun əməyidir və bu, ödənişsiz ola bilməz. Necə ki, həkim pulsuz müalicə etmir, mebel ustası pulsuz divan düzəltmir, restoran sahibi pulsuz kiməsə yemək vermir.

Alimə, tədqiqatçıya qarşı bu münasibət mütləq dəyişilməlidir. Hər hansı bir universitet, qurum bir ziyalının əməyinin məhsulundan istifadə edirsə, ona vacibdir ki, qonorar ödəsin.

Əgər qonorar sistemi bir dəyər halına çevrilərsə, humanitar sahədə ciddi irəliləyiş olar, rəqabət yaranar.

Çalışaq ki, çölümüzdəki boş otaqları sahiblərinə verək, insanların biliklərini qarşılıqsız qoymayaq, tələb-təklif sisteminə əməl edək.


Müəllif: Dilqəm Əhməd