14 Yanvar 2019 14:35
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sağ əlində çamadan evdən çıxanda anasına demişdi ki, “Bakıya işləməyə gedirəm”. Bu, ali təhsil dalınca gəldiyim Bakıda ilk dostumun dilənçi olacağının təsdiq edilməsi idi. Bu həqiqət sonralar – “posyolka Kirov”da iki kirayə otaqdan birini mən, birini o tutub hər şey yerbəyer olandan sonra üzə çıxdı. Onun “28 May” metro stansiyasının üstündə diləndiyini gördükdən sonra... Bundan sonra onun “iş yeri” və “iş yoldaşları” haqda heç nə soruşmadım.

Şəhərin yaraşıqlı binaları, bahalı vitrinləri, işıqlı küçələri, nəhəng prospektin səkilərində gəzişən dəblə geyinmiş insanları, iri reklam lövhələri öz arxasınca çəkib gətirdiyi təkqol Poladın həyata dair ən kiçik ümidini xırdalaşdırıb gözəgörünməz etmişdi. Buna görə də onun tək qolla həyatın ətəyindən möhkəm yapışmaq cəhdləri mənə qəribə görünmüşdü. Bəlkə də özümü ələ verməmək üçün çox vaxt ona duyduğum yarı-ikrah, böyük hissəsi mərhəmət dolu hisslərimi gizlətmək üçün Poladın yanında bir qolla hərəkət etməyə çalışırdım. Az da olsa, bu vaxt qollarımın ikisinin yerində olmasından utanırdım. Bu, əzab çəkmək səviyyəsində deyildi, amma yanında olarkən, qollarımdan birini mümkün qədər gizlətməyə - gözə görünməməsinə cəhdlər edirdim. Lakin başqalarının məhrum olduğu şeyə sahib olmasına öz içində gizli sevinc duyan hər ləyaqətsiz insan kimi mən də, Polad kimi olmadığıma sevinirdim. Hər nə qədər əxlaqsız nəticə olsa da, belə vəziyyətlərdə insanların bu qənaətə gəlməkdən başqa variantları olmur. Yəni, nə qədər cəhd etsən də, tamamilə səmimi olmaq mümkün deyil.

Polad haqda təəssüratımın nədən ibarət olduğunu və onun faciəsinin məni insanlar haqda hansı fikrə gətirib çıxardığını kənara qoysaq, deyə bilərəm ki, özünü tamamilə bədbəxt hiss edən və bunu hiss etdirən insana kömək etmək mümkün deyil. Xüsusilə də, Polad kimi yarımcan biri üçün dayaq rolunu oynamaq, həssaslaşmış və əzilməyə meyillənmiş mənəviyyatını zədələyə bilərdi. Lakin kimliyindən asılı olmayaraq, hər insan başqasına möhtacdır. Poladı da bu qarışıq şəhərin zülmətinə çəkib gətirən də bu idi. Bu haqda düşünəndə isə həmişə beynimi eyni sual gəmirirdi: “Hansı qadın Poladın mişar apardığı sol qolunu əvəz edəcək qədər fədakar ola bilər?”

Tapılsa belə, Poladın sol tərəfi həmişə boş qalacaq, elə o qadının da, arzuladığı qız övladının da...

Poladı bu böyük dəbdəbə qarşısında cılızlaşdırıb bükən də bu qeyri-müəyyən, içi ağır həqiqətlərlə dolu romantizmi idi. Onu bir gün canına qənim kəsiləcək sağ qolundan qoruyan da bu qeyri-müəyyənlik idi. Polad hələlik bu qolla özünü bir gün kiminsə kirayə otağından asacağı kəndirdən, yaxud arxasından itələyəcəyi naməlum uçurumdan qoruyurdu. Lakin bu sağ qol, içini təlatümə gətirmiş həyəcanın ləyaqətini əzişdirən təkərləri altından onu xilas edəcək qeyri-müəyyənliyin əvvəldən məlum olan konkret nəticəsi idi.

Yəni, bu ora qədər baş vurduğu çıxış yolları arasında qapısı olan yeganə yol idi ki, lazım olan məqamda aradan çıxmaq üçün bu qapını açıq saxlamışdı. Bu qapıya yaxınlaşmamaq cəhdləri o vaxta qədər davam etdi ki, bir gün Polad kirayə qaldığım otağın qapısını açıb yerində duruxanda titrək kölgəsi divarda tənbəl-tənbəl var-gəl edirdi. İçində son gün üçün bəslədiyi eybəcər həyat qarşısındakı təslimiyyət bayrağının mizrağını beynindəki təlatümün ürəyinə dartdığı hülqumuna sancmışdı. Polad bütün arzularının üstündən xətt çəkib rayona qayıdırdı. Bunu deməyə gəlmişdi. Kəndə çatar-çatmaz, tələsik özünü həyətdəki qoz ağacından asacağını isə illər sonra biləcəkdim.

Həmişə onun bir dəfə küçədə gölməçənin içinə yıxılarkən dediyi, “Bütün bədbəxtliklər də məni tapır” sözünü başa düşməyə çalışmışam.

Əlbəttə, başqasını başa düşmək elə də asan deyil. Nəzərə alsaq ki, heç kəs başqasını başa düşmür, demək ki, mən Poladı başa düşmürdüm, sadəcə olaraq, ona içimdəki mərhəmətdən balaca bir pay ayırmışdım. Heç kəs kimsəni başa düşmür, sadəcə dinləyir və bu mənasız dinləmə prosesi başa çatdıqdan sonra qarşısındakını öz maraq dairəsinə çəkməyə başlayır.

Başqa sözlə, səmimiyyət heç vaxt dəbdə olmadığı kimi, başqalarını başa düşməmək də heç vaxt vicdan üçün problem yaratmayıb. Elə buna görə də başqalarının ən dəhşətli faciələri belə, insanı narahat edən ən xırda problemindən daha dramatik olmur.

Nə vaxtsa öz içimdə onun faciəsi qarşısında buz qayası kimi dayanmağımın son nəticədə mənim üçün vicdan problemi yaratmasına gəlincə, Poladın itmiş qolunu yerinə qaytarmaq mənim gücüm xaricində idi. Bir insanın sahib olduğu heyvani təbiətlə vaxtilə silkələdiyim ləyaqətimin tör-töküntülərini yığışdırmaq üçün bu, çıxış yolu olmasa da, həmişə etiraf az da olsa, ittihamları yüngülləşdirir....


Müəllif: Mənsur Rəğbətoğlu