13 Oktyabr 2019 21:58
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar 1905-1906-cı illərdə yaşasaydılar, Difai partiyasının cəbhəsində deyil, qarşısında olardılar.

Onlar Parisdən yeni dönmüş, ermənilərlə dialoqun mümkün olmadığını görüb Daşnaksütyuna qarşı mübarizə elan edən Əhməd bəy Ağaoğlunun qarşısında olardılar.

Onlar Əhməd bəy Ağaoğlundan Çar hökumətinə şikayət yazıb, onun Qafqazda sülhü, əmin-amanlığı pozduğunu iddia edərdilər.

Onlar Tiflisdə, Gəncədə, Qarabağda ermənilərin öldürdüyü müsəlmanları görməzdən gəlib, yerli əhalinin haqlı mübarizəsini vəhşilik kimi qələmə verib Çar mediasında palaz-palaz yazılarla çıxış edərdilər.

Onlar 1918-ci ildə yaşasaydılar, Qafqaz İslam Ordusunun hücum planını ingilislərə satan ərəbin yanında olardılar.

Onlar 1920-ci ildə yaşasaydılar, bolşeviklərin Azərbaycanı işğalına hüquqi don geyindirib Levandovskinin ətəyini öpmək üçün sıraya düzülərdilər.

Onlar 1937-ci ildə yaşasaydılar, Bağırov kimi Moskvaya siyahılar ötürüb, gəlin Azərbaycan xalqını cəzalandırın deyərdilər.

Necə ki, indi onlar Suriyanın şimalında Türkiyənin və regionun təhlükəsizliyi üçün aparılan haqlı hərbi əməliyyatları qınayır, bununla yetinməyib kürd terrorçuları dəstəkləyirlər.

Amma onların qarşısında olanlar da var.

Aprel döyüşlərindəki kimi Türkiyə Silahlı Qüvvətlərinə qoşulmaq istəyən azərbaycanlı gənclər var.
Tarixi keçmişini, yüz il əvvəlki təkrarlanan ssenarini unutmayıb Türkiyənin haqlı əməliyyatını dəstəkləyən yüz minlərlə həmvətənimiz var.

Nə yaxşı ki, bu adamlar daha çoxdurlar.

***
Bu gün Müsavat Partiyasının növbəti qurultayı keçirildi. Əgər bir öncəki qurultay ölkə gündəmini daha çox zəbt etmişdisə, bu dəfəki qurultay ancaq sosial şəbəkədə hiss olundu. Bunun bir səbəbi mövcud sədrin alternativlərinin kifayət qədər güclü olmamasıdırsa, digər səbəbi ilk sədrin açıq şəkildə Arif Hacılıya dəstəyi oldu.

Bu da onu göstərir ki, Azərbaycanda partiyalar hələ də şəxslərin xarizması və liderliyi ətrafında mövcudluğunu qoruyur. Təsadüfi deyil ki, AMİP-in də bugünkü toplantısı ilə bağlı şərhlərdə Etibar Məmmədovun siyasətə qayıdacağı fikirləri səslənmişdi. Vətəndaşlar hələ də dəyərlərin deyil, liderlərin arxasında getməyi məqbul sayırlar.

***
Ölkəmizdə əhalinin siyahıya alınması keçirildi. Sosial şəbəkədə yazılanlara diqqət etsək, əksəriyyət siyahıdan kənarda qalıb. Görünür, siyahıya alanlar işlərini daha rahat görmək üçün vətəndaşların müvafiq qurumlardakı siyahılarını sistemə əlavə ediblər. Qısa bir müddət ərzində işlərini başa vurmaları da buna bir sübutdur.

Azərbaycan əhalisinin Çar Rusiyası dövründəki siyahıya alınması bu gün tarixşünaslığımız üçün əvəzsiz mənbələrdəndir. Məhz o siyahılar əsasında məşhur şəxslərin şəcərəsini çıxarmaq mümkün olur. Adi vətəndaşlar da öz keçmiş əcdadlarını tapa bilirlər. Bu kimi önəmli bir məsələnin məsuliyyətsiz şəkildə həyata keçirilməsi yanlış olub.


Müəllif: Dilqəm Əhməd