25 Oktyabr 2019 22:43
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısı növbəti islahatlara başlayıb.

Uzun müddət dövlət idarəçiliyində vəzifə tutan şəxslərin təqaüdə göndərilməsi və ya başqa sahələrdə fəaliyyət göstərməsi ilə bağlı sərəncamlar imzalanıb.

Gənc və vətənpərvər kadrlara vəzifə verilməsi, idarəçilikdə müəyyən dəyişikliklərin ediləcəyi məsələsi gündəmdədir. Qarşıdakı aylarda isə hansı islahatların olacağı, erkən parlament seçkilərinin təyin edilib-edilməyəcəyi bəlli olacaq.

Ümumi mənzərə odur ki, növbəti ildə biz yeni hökumət üzvləri və parlament təmsilçilərini görəcəyik. Bu islahatlar çərçivəsində haqlı sual ortaya çıxır? Azərbaycan necə bir ölkə olmalıdır?

Professor Ədalət Tahirzadə ilə birlikdə yazdığımız “Azərbaycan Cümhuriyyəti (1918-1920). Qısa tarixi oçerk” adlı kitabımızda ilk respublikamızı bu şəkildə təqdim etmişik:

Azərbaycan Cümhuriyyəti Müsəlman Şərqində:

• coğrafi ərazi adı götürmüş ilk modern dövlət idi;

• ilk cümhuriyyət idi; • ilk parlamentli dövlət idi;

• ilk çoxpartiyalı, demokratik, hüquq dövləti idi;

• ilk dünyəvi dövlət idi;

• ilk milli dövlət idi;

• ümumi seçki qanunu hazırlayaraq (21.07.1919) kişilərlə yanaşı, qadınlara da seçmə və seçilmə hüququnu hətta Avropa dövlətlərinin əksərindən də xeyli illər öncə rəsmən tanımış ilk dövlət idi;

• qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışma hüququnu rəsmən tanımış ilk dövlət idi;

• bütün vətəndaşlarının dini, məzhəbi, sinfi, silki, milli və cinsi bərabərliyini rəsmən elan etmiş ilk dövlət idi...

Bu maddələrin bəziləri bugünkü respublikamız üçün də keçərlidir.

Radikal dini qruplaşmaların cəhdlərinə baxmayaraq Azərbaycan milli və dünyəvi dövlətdir, qadınların hökumətdə təmsilçiliyi zəif olsa da, parlamentdə və özəl sektorda aktivlik mövcuddur, din və məzhəb ayrıseçkiliyi yoxdur, əksinə müxtəlif inancların bərabər şəkildə yaşadığı unikal bir coğrafi əraziyə malikdir. Bu baxımdan ölkəmizdə ən önəmli məsələ hüquqi islahatlardır, xüsusilə məhkəmə sahəsində radikal dəyişikliklərə böyük ehtiyac var.

Təsadüfi deyil ki, bu ilin aprel ayının 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” imzalanıb. Fərmanda açıq şəkildə yazılıb: “Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”.

İnsanların məhkəmələrdən gözləntiləri böyükdür. Yeniyetmə məktəblinin intiharı ilə bağlı verilən qərara sosial şəbəkədə nəinki vətəndaşları, bu prosesdə bilavasitə iştirakçı olan vəkillərin də haqlı narazılığına səbəb olub. Bu baxımdan daha şəffaf Azərbaycan üçün şəffaf məhkəmələr şərtdir...


Müəllif: Dilqəm Əhməd